Mehriban xanım Əliyeva: Şəfqət və xeyirxahlıq simvolu
Tarixi həqiqətdir ki,vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir.
Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxətti ilə daxil olan belə şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.
Bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ xeyirxahlıq və mərhəmətdir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdədir. Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.
Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu dünyada öz çoxmiqyaslı, xeyirxah fəaliyyəti ilə seçilən, böyük layihələrə imza atan vətəndaş cəmiyyəti qurumudur. Ulu öndərin adını daşıyan, onun ideya və əməllərinin təntənəsinə xidmət işində öncüllük və örnək göstərən bu nadir təsisat ölkədə və dünyada səhiyyə, təhsil, elm, mədəniyyət, mənəviyyat sferalarında müxtəlif səpkili tədbirləri gerçəkləşdirməklə, bir sıra yönlərdə dövlət siyasətinin həyata keçirilməsində hərəkətverici amilə çevrilməklə misilsiz bir nüfuz qazanmışdır.
Xanım Mehriban Əliyeva Azərbaycan adət-ənənələrinə hörmət, diqqət və sayğı ilə yanaşan güclü qadın kimi çağdaş dünyada bənzərsiz bir rəhbər xarakterini əks etdirir. Onun çoxşaxəli və səmərəli fəaliyyəti, nəinki qadınlar üçün, eləcə də gənc qızlar üçün örnək olaraq bir sıra ali dəyərlərə söykənir. Mehriban xanım Azərbaycan xalqının, dövlətinin maraqlarını beynəlxalq aləmdə əks etdirməklə yanaşı, müasir Azərbaycan qadınının ictimai-siyasi obrazını da dünyaya tanıdır. Ölkəmizin siyasi-iqtisadi, sosial-ictimai, mədəni-mənəvi tərəqqisində xüsusi yeri, xidmətləri olan Azərbaycanın birinci xanımı hazırda dünyada öz sözü, samballı nüfuzu olan lider qadın örnəyinə çevrilmişdir.
Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil. Artıq 18 ildir ki, əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydər Əliyev Fondu öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir.
Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. O cümlədən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyilə artıq uzun illərdir ki, müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.
Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində, Azərbaycanın sivilizasiyalararası dialoqda fəal iştirakı və rolu xüsusi bir yer tutur. Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva bu mötəbər qurumun tribunasından Azərbaycanın üzləşdiyi çətinliklər, işğal faktı və işğal nəticəsində Azərbaycan mədəniyyətinə, milli-mənəvi abidələrinə dəyən zərərləri dünya ictimaiyyətinə çatdırır.
Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, bu, bütün Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur.
Bu gün dünyamızda çətin dönəm yaşanır. Koronavirus pandemiyası hələ bəşəriyyəti təhdid edir. Şükürlər olsun ki, Azərbaycanda aparılan qabaqlayıcı tədbirlər fonunda bu gün müsbət dinamikanın şahidi oluruq. Xalqın sağlamlığının qorunmasını ən ümdə vəzifəsi hesab edən Prezident İlham Əliyevin atdığı addımlar, qəbul etdiyi mühüm qərarlar pozitiv durumu şərtləndirən amillərdir.
Pandemiya ilə mübarizə dövründə Mehriban xanım Əliyeva da öz missiyasına, amalına sadiqliyini bir daha nümayiş etdirdi. Ölkənin birinci xanımı iki dəfə xalqa müraciət edərək hər kəsi "gözəgörünməz düşmən”lə mübarizədə birlik, həmrəylik nümayiş etdirməyə çağırdı. Birinci vitse-prezidentin "Evdə qal, sağlam qal!” şüarlı təşəbbüsü böyük dəstək qazandı.
Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu ölkədə elan edilən karantin müddətində "Biz birlikdə güclüyük” şüarı ilə xeyriyyə aksiyaları keçirdi. Bu aksiyalar çərçivəsində 200 mindən çox ailəyə ərzaq məhsullarından ibarət sovqatların paylanılması da bir daha fondun missiyasını nümayiş etdirmiş oldu.
Şərqlə Qərbi özündə birləşdirən Azərbaycan milli-mənəvi dəyərləri ilə sivilləşir, dünyaya inteqrasiya prosesi sürətlənir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər əsas xətt olaraq davam etdirilir. Azərbaycanın imicinin yüksəldilməsində, onun dünyaya təqdimində görülən bu və ya digər işlər dövlətin maraqlarını ifadə edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin ənənələrinin davamçısı olan Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz Azərbaycanın yüksək dəyərlərini, humanizm prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rola malikdir.
Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr ölkə hüdudları ilə məhdudlaşmayıb ümumbəşəri mahiyyəti ilə də diqqəti cəlb edir. Birinci vitse-prezidentin xüsusən də Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq miqyasda təqdir edilir.
Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edir.
Mehriban xanım Əliyeva bu gün valideyn himayəsindən məhrum uşaqların mənəvi anası, dərdli şəhid analarının, qaçqın və məcburi köçkünlərin dayağıdır. Harada yardıma möhtac biri varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir.
Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır.
Hazırda Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın danılmaz xidməti, gördüyü işlər çoxşaxəli və misilsizdir.
Ölkənin həyatında yüksək fəallıq göstərən Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətini bütün dünya görür və yüksək qiymətləndirir. Bu gün Mehriban xanım Əliyevanın gördüyü işlərin sədası dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində yer alır. Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan qadınının istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir.
Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bir daha xatırladaq ki, bütün bunlar güclü, aydın təfəkkürə, təxəyyülə malik olan incə ruhlu, zərif təbiətli bir qadının - Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə əzmkarlığı, çalışmaları sayəsində həyata keçirilir.
Bu gün Mehriban Əliyeva özünə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir.
Mehriban xanım Əliyeva ölkəmizdə milli dövlətçilik institutunun formalaşmasına böyük töhfələr verən siyasi-mədəni rəhbər, çoxyönlü fəaliyyət meydanı ilə dünyada tanınan, qəbul edilən humanist xadimdir. Çağdaş Azərbaycan tarixinə onun adı artıq modern qadın rəhbər, fenomen qadın lider kimi yazılmışdır.