“Məişət və Gender Əsaslı Zorakılıqla Mübarizə” mövzusunda maarifləndirici görüş-təlim keçirilib.
Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Bələdiyyəsinin təşkilatçılığı ilə “Məişət zorakılığına məruz qaldığınız və zorakılığın şahidi olduğunuz halda SUSMAYIN.” adlı layihə çərçivəsində Nəsimi rayon A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə “Məişət və Gender Əsaslı Zorakılıqla Mübarizə” mövzusunda maarifləndirici görüş-təlim keçirilib.
Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin, Nəsimi Bələdiyyəsinin məsul əməkdaşları, rayon ərazisində yerləşən 46 nömrəli tam orta məktəbin rəhbərliyi və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 46 nömrəli məktəbin direktoru iştirakçılarını salamlayaraq bildirdi ki, Müstəqil Azərbaycanda milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı‐seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Ailədaxili zorakılıqdan ən çox zərər çəkənlər uşaqlardır.Ana‐ata arasındakı mənəvi və fiziki basqı altında çox vaxt uşaqlar qalırlar.Valideynlər arasındakı anlaşılmazlıqlardan, davalardan, zorakılıq- dan uşaqların da payına düşür. Ailədaxili zorakılıq zamanı uşağa yönəlmiş istər fiziki, istərsə də mənəvi basqı sərgiləyən hər cür davranış uşağın gələcək həyatında silinməz izlər qoyur.
Tədbirdə çıxış edənlər ailə və cəmiyyətdə qadınların rolundan danışmış və qeyd olunmuşdur ki, Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Məişət zorakılığının qarşısının alınması – məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlərdir. Bunun üçün maarifləndirmə işinin gücləndirilməsini vurğulayan natiq əksər hallarda zorakılığın baş verməsi faktının gizli saxlanılmasından danışaraq belə halların müəyyən edilməsinin vacibliyini qeyd edib.
Görüşdə iştirak edənlər məişət zorakılığının Azərbaycanda geniş yayılmış gender problemi olduğunu və demək olar ki, məişət zorakılığının əksər ailələrdə özünü müəyyən formalarda biruzə verdiyini, bəzən fiziki, cinsi şiddət, bəzən də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunduğu diqqətə çatdırılmışdır.
Ailələrin məişət zorakılığına məruz qalmaması üçün ictimai səylərin artırılmasının vacibliyindən danışılıb, məişət zorakılığının yaranma səbəbləri və onların həlli yolları barədə məlumat verilmişdir.
Görüşün sonunda şagirdlərə sorğu anketləri paylanılmış və şiddətə məruz qaldıqları zaman anonimlik qorunmaq şərtilə qeyd olunan əlaqə nömrələrinə ,elektron poçt adresinə müraciət etmələri tövsiyyə olunmuşdur.