Milli Gimnastika Arenasında ADNSU-nun “Məzun Günü” keçirilib
İyulun 9-da Milli Gimnastika Arenasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Məzun Günü” keçirilib.
Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov öncə universiteti uğurla başa vuran məzunları təbrik edib. Dosent Vazeh Əsgərov çıxışında yüksəkixtisaslı mühəndislər yetişdirən ADNSU-da təhsil və tədrisin müasir tələblərə uyğun təşkili, universitetin elmi nailiyyətləri və beynəlxalq metrik bazalarda yüksək pillələrdə qərarlaşması haqqında iştirakçılara məlumat verib.
“Məzun Günü”ndə Gənclər və İdman naziri Fərid Qayıbov, Elm və təhsil nazirinin müavini İdris İsayev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova çıxış edərək Azərbaycanda gənclərin savadlı və sağlam formalaşmasının hər zaman prioritet olduğunu bildiriblər. Çıxışlarda Azərbaycanda, eyni zamanda ölkə hüdudlarından kənarda ADNSU-nun yetişdirdiyi mühəndis kadrların neft sənayesinin inkişafına verdiyi töhfələrdən bəhs olunub. Məzunları təbrik edən çıxışçılar diqqətə çatdırıblar ki, həmişə olduğu kimi, bu gün də istehsalatda bu qocaman təhsil ocağının yetişdirdiyi mütəxəssislərə tələbat yüksəkdir.
Yüksək coşqu ilə keçirilən “Məzun Günü”ndə universitetin fəaliyyəti və tədris prosesindən bəhs edən video-təqdimatlar nümayiş olunduqdan sonra ən yaxşı tələbələrin mükafatlandırılması olub. Tədbir bəddi hissə ilə davam edib.