Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılışı olub.
Dövlət Turizm Agentliyinin inzibati binasında I Qarabağ müharibəsi iştirakçısı Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılışı olub.
Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, həmçinin şəhidin yaxınları iştirak edib.
Açılış mərasimi şəhidlərin yad edilməsi ilə başlayıb. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çıxışlar olub.
Dövlət Turizm Agentliyinin sədri F.Nağıyev çıxış edərək qeyd edib ki, bu gün S.Səfərovun və digər şəhidlərimizin ruhu şaddır, çünki 30 ilə yaxındır ki, işğal altında olan dogma torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu tərəfindən düşmən işğalından azad olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini C.Qurbanov isə bildirib ki, onun üçün danışmaq çətindir: "Mən istərdim ki, bu sözləri onun ad günündə, sağlığına deyim. Amma həyat sözünü deyir. Biz Sərdarla uşaqlıqdan bir böyümüşük. Aramzıda yaş yarım fərq olub. Sərdarın atası I və II dünya müharibəsində iştirak edib. Bugün onu ruhu şaddır. Şaddır ki, işğal altındaki torpaqlarımız azaddır.
Sərdarın qızı onunla fəxr edir. O da hazırda Daxili İşlər Nazirliyində çalışır. Bütün şəhidlərimizin qarşısında baş əyirik. Bir vaxtlar Sərdarın doğulduğu Kəlbəcərdən ağlaya-ağlaya çıxmışdım, amma bu gün sevinə-sevinə qayıdıram. Allah prezidentimizi, Ali Baş Komandanımızı qorusun! Allah ordumuzu qorusun!"
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etdi ki, xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur, şəhidlərin ailələrinə, qazilərə daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.
Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq, məğlubiyyət damğasını üzərimizdən götürdük. Torpaqlarımızı azad etməklə dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi.
Çıxışına davam edən natiq bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu zəfərlə Azərbaycan dövlətçiliyinin ən şərəfli səhifələrindən birinin müəllifi oldu.