Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib
Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın 44 günlük Vətən müharibəsində apardığı mübarizə əzmindən danışıb.
Konfransda qonaq qismində AKU-nun rektoru, professor, millət vəkili Eldar Quliyev, Milli Məclisin deputatı, professor Ziyad Səmədzadə, Nəsimi Rayon İcra Hakimiyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Əməkdar kənd təsərrüfatı işçisi, əmək veteranı İmran Əbilov və yazıçı - publisist Şərəf Cəlilli iştirak ediblər.
Çıxışlarda bildirilib ki, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı əldə etdiyi yeni, böyük və tarixi uğurlara şahid olacaq.






