Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Ağsaqqallar ilə görüş keçirdi.

18 noyabr 2025 | 17:50

Nəsimi Rayon İcra Hakimiyyətində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən ağsaqqallarla rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovun görüşü keçirilmişdir. Görüş ölkəmizdə dövlət səviyyəsində ağsaqqallara göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsi olaraq, gənc nəsil ilə təcrübəli insanların əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət etmişdir.

Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, ağsaqqalları salamlayaraq, onların cəmiyyətdəki müstəsna rolunu vurğulamışdır. O, çıxışında bildirdi ki, Ağsaqqal amili bizim cəmiyyətimiz üçün çox vacibdir, çox dəyərlidir. Ağsaqqallar həmişə gənclərimizə örnək göstəriblər, onları tərbiyə ediblər. Ənənələrimizin qorunmasında ağsaqqalların xüsusi rolu var. Bu ənənələr bizi digər xalqlardan fərqləndirən əsas amillərdən biridir.

Elxan İbrahimov əvvəlcə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin ağsaqqallara olan dərin hörmətini, diqqət və qayğısını xüsusi olaraq dilə gətirmiş, onların xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində oynadığı əvəzsiz roldan danışmışdır.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ənənəni uğurla davam etdirdiyini bildirmişdir. Elxan İbrahimov ölkə başçısının daima ağsaqqalların təcrübəsinə və müdrikliyinə güvəndiyini, onların problemlərinin həllinə həssas yanaşdığını, ölkəmizdə ağsaqqalların fəaliyyəti üçün yaradılan şəraitdən və onlara göstərilən diqqətdən danışmışdır.

Tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski çıxış edərək, rayon rəhbərliyinə göstərilən diqqət və yaradılan şərait üçün öz minnətdarlığını bildirmişdir. V.Şadlinski, ağsaqqalların dövlətə və dövlətçiliyə dəstəyinin vacibliyindən danışmış və öz təcrübələrini gənclərə ötürməyə hər zaman hazır olduqlarını vurğulamışdır.

Görüşdə Dağ yəhudiləri dini icmasının rəhbəri, rayonun ağsaqqalı Milix Yevdayev çıxış edərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin ağsaqqallara olan münasibətini xüsusi qeyd edərək, bu siyasətin dövlət səviyyəsində uğurla davam etdirildiyini vurğuladı. Natiq bildirdi ki, milli-mənəvi dəyərlərimizi qorumaq və inkişaf etdirməkdə Ağsaqqalların əvəzsiz rolu vardır. Azərbaycan cəmiyyətində ağsaqqala hörmət heç vaxt itməmiş və itməyəcəkdir. Bu, bizim milli xüsusiyyətimiz və Ulu Öndərdən qalan mirasımızdır.

Həmçinin rayonun tanınmış ziyalı və ictimai fəalları da çıxış etmişdir. Onların arasında Sabir Əliyev, Qoşqar Əliyev və digərləri olmuşdur. Çıxışlarda: İcra Hakimiyyəti ilə ictimaiyyət arasında qurulan səmərəli əməkdaşlıq təqdir edilmişdir. Ağsaqqalların bilik və təcrübəsinin rayonun inkişafı naminə daha fəal istifadə edilməsi təklifləri səsləndirilmişdir.

Rayonun ağsaqqalları ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasəti dəstəklədiklərini bəyan etmiş və Ulu Öndər Heydər Əliyevin yolu ilə gedən Prezident İlham Əliyevin rəhbərliyi altında Nəsimi rayonunun inkişafına töhfə verməkdən qürur duyduqlarını bildirmişlər.

Tədbirin sonun da rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov tərəfindən Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalılardan biri hesab olunan Əziz Axundova Rayon Ağsaqqallar Şurasının yeni üzvülük vəsiqəsi və döş nişanı təqdim olundu. İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov görüşün səmərəli keçdiyini qeyd edərək, bu cür tədbirlərin davamlı olacağını və ağsaqqalların dəyərli məsləhətlərinin hər zaman nəzərə alınacağını bildirmişdir.

Keçidlər