Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin növbəti görüşü keçirilib.
01.11.2022-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın Nəsimi rayon İcra Hakimiyyətində Zəfər Günü münasibətilə tədbir keçirib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, rayon Gənclər və İdman idarəsinin məsul əməkdaşları, ictimai təşkilatların üzvləri, rayonda fəaliyyət göstərən monitorinq qrupunun üzvləri, rayon ağsaqqalları və rayon gəncləri iştirak edib.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov açaraq, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Ulu Öndər Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Bu gün öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin etmiş suveren Azərbaycanın dinamik inkişaf və yüksəliş yolunda inamla irəliləməsi Heydər Əliyev dühasının təntənəsidir.
1993-cü ilin yayında Azərbaycan artıq yetişmiş vətəndaş müharibəsinin bir addımlığında, suverenliyini və dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Həmin mürəkkəb və Azərbaycanın taleyi üçün həlledici dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev, ilk növbədə, Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, milli barışığa nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Bundan sonra Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ikinci tarixi dövrün, 1993-2003-cü illəri əhatə edən mərhələnin ən başlıca nailiyyəti odur ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanmış, daha da möhkəmləndirilmiş və inkişaf etdirilmişdir. Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, işlək bazar iqtisadiyyatına keçid istiqamətində mühüm uğurların əldə edilməsi bu çox mürəkkəb və son dərəcə məsuliyyətli dövrün xarakterik cəhətlərindəndir. Bütün bu nailiyyətlər sonda Azərbayvcanın güclü, qürdətli bir dövlətə çevrilərək, öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələndi.
Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Azərbaycan xalqı öz Ümummilli Liderinin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Ulu Öndərin yenidən hakimiyyətə gəldiyi günü xalqımız ən əziz bayramlarından biri – Milli Qurtuluş Günü kimi qeyd edir. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda Heydər Əliyev ili elan edilməsi Ulu Öndərin əziz xatirəsinə olan ümumxalq ehtiramının ən bariz təzahürlərindən biridir.
Bu gün Azərbaycanda dövlət tərəfindən həyata keçirilən daxili siyasətin prioritet istiqamətlərindən biri şəhid ailələrinə, müharibə qazilərinə və iştirakçılarına xüsusi qayğı və diqqət göstərilməsi ilə bağlıdır.
Qeyd olundu ki, hazırda bu kateqoriyadan olan insanlar üçün dövlətin diqqətindən başqa Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi diqqət və qayğısı böyük önəm kəsb edir. Həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrinin və Qarabağ qazilərinin, eləcə də onların ailə üzvlərinin sosial təminatının gücləndirilməsi ilə bağlı mühüm işlər uğurla davam etdirilir, bu sahədə sistemli və kompleks tədbirlər həyata keçirilir. Bütün bunlar bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissəsidir. Bu siyasətin effektiv şəkildə həyata keçirilməsində də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusi önəm kəsb edir.
Azərbaycanda dövlət gənclər siyasəti ölkəmizdə gənclərin inkişafı üçün onların həm fərdlər olaraq, həm də cəmiyyətin fəal iştirakçıları kimi öz potensiallarını reallaşdırmaq imkanlarının verilməsini təmin etməyə yönəlib. Gənclər siyasəti gənc vətəndaşlar üçün vacib olan əsas narahatlıqları və problemləri həll edir, dövlət tərəfindən təqdim olunan gənclər proqramlarına və xidmətlərinə istiqamət verir.
Çıxış edənlər- Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctmai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, İctima Şuranın üzvü Gülnarə Hacıyeva və Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətindən danışdılar.