Nəsimi Rayon İcra Hakimiyyətində “Ailə cəmiyyətin ən böyük dəyəridir” adlı tədbir keçirilib.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Nəsimi rayon prokurorunun köməkçisi Nərmin Ağayeva, Nəsimi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru Yeganə Zeynalova, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon məktəblərinin pedaqoji işçiləri, yuxarı sinif şagirdləri, valideynlər və Nəsimi rayonu ərazisində yaşayan 24 ailə iştirak etmişdir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə giriş nitqi ilə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva ailənin cəmiyyətin əsas dayağı olduğunu vurğulayaraq milli-mənəvi dəyərlərin qorunmasında ailə institutunun mühüm rol oynadığını bildirmişdir. O, sağlam ailə münasibətlərinin formalaşdırılmasının gələcək nəslin inkişafına birbaşa təsir etdiyini qeyd etmişdir.
Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski çıxışında Azərbaycan ailə modelinin milli dəyərlər üzərində qurulduğunu, ailə münasibətlərində qarşılıqlı hörmət və etimadın vacibliyini vurğulamışdır. O, gənclərin milli-mənəvi dəyərlərə bağlı şəkildə tərbiyə olunmasının əhəmiyyətindən danışmışdır.
Nəsimi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru Yeganə Zeynalova və digər çıxış edənlər yeniyetmələrin düzgün tərbiyəsində ailə nəzarətinin və valideyn məsuliyyətinin vacibliyindən bəhs etmiş, uşaqların təhlükəsiz və sağlam mühitdə yetişməsinin önəmini vurğulamış, ailədaxili münasibətlərdə sevgi və hörmətin əsas amillərdən biri olduğunu qeyd etmişlər.
Tədbirin sonunda 5 nömrəli Uşaq-Gənclər və İnkişaf Mərkəzinin rəqs kollektivinin müxtəlif rəqs nömrələri təqdim olunmuşdur.






