Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası mövzusunda tədbir keçirilib.

16 iyun 2026 | 12:26

Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin hüquqları, sosial adaptasiyası və reinteqrasiyası, onların işlə təmini ilə bağlı birgə fəaliyyətin təşkili, peşə təhsili üzrə mövcud imkanlar, bu sahədə maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”-nın həyata keçirilməsinə dair Tədbirlər Planının 8.5.1 (Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürən şəxslərin müsbət təcrübələri ilə bağlı məlumatların hazırlanması, müvafiq tədbirlərin (sərgilərin və s.) təşkili), 8.5.2 (Cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsi olan şəxslərin mediada sosial xarakterli paylaşımlarının edilməsi və aidiyyəti orqanların (qurumların) nümayəndələrinin, sahibkarların (işəgötürənlərin) və maraqlı tərəflərin iştirakı ilə görüşlərin təşkil edilməsi) və 8.5.3-cü (Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi) bəndlərinin icrasını təmin etmək məqsədi ilə təşkil olunmuşdur.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, Bakı Regional Məşğulluq filialının, rayon Bələdiyyəsinin məsul əməkdaşları və rayon ərazisində fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zahid Xəlilov bildirmişdir ki, görüşün əsas məqsədi cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların əmək bazarına uğurlu inteqrasiyası ilə bağlı müsbət təcrübələrin işıqlandırılmasından ibarətdir. Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanununun müvafiq maddələrinə əsasən cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər siyahısına daxil olduğu və özünüməşğulluğun təşkili zamanı cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verildiyinin qeyd edildiyi tədbir iştirakçılarına izah edilmişdir.

Mövzu ətrafında fikir mübadiləsi aparılan zaman məşğulluq mərkəzləri vasitəsilə boş iş yerləri barədə məlumatların verilməsi, peşəyönümü xidmətlərinin göstərilməsi, əmək yarmarkalarının təşkili və işəgötürənlərlə əlaqələrin qurulması istiqamətində işlərin aparılması tövsiyə edilmişdir.

Həmçinin cəzaçəkmə müəssisəsindən azad edilmiş, işlə təmin edilmiş şəxslərin uğurlu iş təcrübəsinin sosial şəbəkə və internet platformalarında işıqlandırılmasının, bu sahədə işəgötürənlərin müsbət təcrübələri ilə bağlı məlumatların paylaşılmasının müsbət irəliləyişlərə səbəb olacağı barədə fikirlər səsləndirilmiş, belə görüşlərin və sosial xarakterli paylaşımların cəmiyyətdə maarifləndirmənin artırılmasına, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin əmək bazarında daha fəal iştirakına töhfə verdiyi xüsusi olaraq vurğulanmışdır.

Tədbirdə dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, sahibkarların və ictimaiyyət nümayəndələrinin birgə səyləri nəticəsində bu istiqamətdə daha böyük uğurlar əldə olunacağı əminliklə vurğulanmışdır.

Bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin verdiyi rəsmi məlumata əsasən 2025-ci ildə Agentlik tərəfindən Nəsimi rayonu üzrə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərdən 10 nəfər işsiz kimi qeydə alınmış, 7 nəfər işlə təmin edilmiş, 2 nəfər peşə hazırlığına cəlb edilmişdir. 2026-cı ilin I rübü ərzində isə müvafiq kateqoriyadan olan şəxslərdən 1 nəfər işlə təmin edilmişdir.

 

Keçidlər