Nəsimi rayon İcra Hakimiyyətində dini vəziyyətlə bağlı müşavirə keçirilib
Nəsimi rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti rəhbərliyinin və məsul əməkdaşlarının, bələdiyyənin, hüquq mühafizə orqanlarının və dini icma rəhbərlərinin iştirakı ilə rayondakı mövcud dini vəziyyətə həsr olunmuş müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov respublikamızda dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq sahəsində həyata keçirilən siyasətdən bəhs edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət-din münasibətləri modeli Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O qeyd edib ki, dini dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində atılan məqsədyönlü addımlar nəticəsində bu gün Azərbaycan bütün dünyaya tolerantlıq nümunəsi olaraq təqdim olunur. Mövcud ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi və milli həmrəylik ölkəmizin gücünü daha da artırır.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, “Dini işlər üzrə komissiya”nın sədri Gülarə Verdiyeva çıxış edərək, ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışı baxımından dünyaya nümunədir. Bəzi dairələr tərəfindən respublikamızda ictimai-siyasi və dini sabitliyin pozulmasına, eləcə də yad dini ideologiyaların ölkəmizə ixrac edilməsinə müəyyən cəhdlərin edildiyini diqqətə çatdıran natiq bu kimi mənfi halların qarşısının qətiyyətlə alındığını söyləyib.
Çıxış edənlər ölkəmizin demokratik prinsiplər əsasında inkişaf etdiyini, burada müxtəlif dinlərin və təriqətlərin nümayəndələrinə bərabər şərait yaradıldığını vurğulayıblar. Bildirilib ki, Azərbaycanda din dövlətdən ayrıdır, lakin dinə və dini dəyərlərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir.