Nəsimi rayon İcra Hakimiyyətində “İqtisadi və sosial siyasətin icra edilməsi istiqamətində əmək münasibətlərinin inkişafı və əhalinin məşğulluq imkanlarının genişləndirilməsi” mövzusunda müşavirə keçirilib.
Nəsimi RİH-in və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə “İqtisadi və sosial siyasətin icra edilməsi istiqamətində əmək münasibətlərinin inkişafı və əhalinin məşğulluq imkanlarının genişləndirilməsi” mövzusunda rayonda fəaliyyət göstərən sahibkarların iştirakı ilə müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan RİH başçısının müavini Zahid Xəlilov bildirdi ki, Sosial siyasət dövlətin daxili siyasətinin tərkib hissəsidir. İnsan kapitalının inkişafı hesabına davamlı iqtisadi tərəqqinin təmin edilməsi Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Ötən illər ərzində bu sahədə kompleks tədbirlər həyata keçirilib.
Əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi siyasət bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli Sərəncaml ilə 2006-2015-ci illər üçün Məşğulluq strategiyası təsdiq edilmişdir. Həmin strategiyanın icrası ilə əlaqədar 2007-2010-cu illər və 2011-2015-ci illər üçün Dövlət proqramları təsdiq edilmişdir
Natiq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 06 dekabr Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində başlıca məqsədlər müəyyən edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq strategiyası təsdiq edilmişdir.
Nəsimi rayonu üzrə 2022-ci il üçün Məşğulluq Proqramı təsdiq olunmuş və hal-hazırda icrası davam etdirilir.
Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının müdir müavini Orxan Novruzov və Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Mehriban Əliyeva Agentliyin fəaliyyət istiqamətləri və işəgötürənlərə dəstək mexanizmini əhatə edən proqramlar barədə təqdimatla çıxış etmişlər.
Tədbirdə iqtisadi və sosial siyasətin icra edilməsi istiqamətində əmək münasibətlərinin inkişafı, əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, o cümlədən, sosial müdafiəyə etiyacı olan şəxslərin əmək bazarına inteqrasiyasının təmin edilməsi, əməkhaqlarının bir hissəsinin birgə maliyyələşməsi proqramı çərçivəsində (dövlət və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla) əməkhaqlarının bir hissəsinin işsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi məsələləri müzakirə edilmişdir.
Tədbirin sonunda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.