Nəsimi rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə dəyirmi masa keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətində 1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, Rayon Bələdiyyəsinin, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və Mənzil Kommunal İstismarı Sahələrinin rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov hər bir xalqın varlığında doğma dilin önəmi, ana dilimiz, əlifbamız və onun qorunması üçün təsis edilmiş Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü haqqında ətraflı məlumat verib. O bildirib ki, Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Həmin vaxtdan müstəqil Azərbaycan Respublikasında tədricən latın qrafikalı milli əlifbamıza keçid mərhələsi başlandı. Bu tarixi proses Ümummili liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə daha sürətli və dolğun formada davam etdirildi. Prezident Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Natiq çıxışına davam edərək Ümummilli Lider Heydər Əliyevin dil siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Həmçinin, cənab Prezidentin 23 may 2012-ci il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamı ana dilimizin elmi əsaslarla öyrənilməsi, tədrisi və tətbiqi sahəsində mühüm rol oynamışdır.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının I müavini Gülarə Verdiyeva və digərləri çıxış edərək bildirdilər ki, Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Çünki bu dil 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.






