Nəsimi rayon İcra Hakimiyyətində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası sahəsində görülmüş işlərlə bağlı geniş yığıncaq keçirilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasının vəziyyəti ilə bağlı geniş yığıncaq keçirilmişdir. Yığıncaqda RİH rəhbərliyi, başçı yanında Şuranın üzvləri, RİHB Aparatının və Sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliklərin əməkdaşları, Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Xidmət, təhsil və səhiyyə sahələrinin, müəssisə və təşkilatların, ictimai birliklərin nümayəndələri iştirak etmişlər.
Yığıncağı Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov açaraq bildirdi ki, demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlət və cəmiyyətin qarşıya qoyduğu əsas məqsədlərdən biri də korrupsiyaya qarşı effektiv mübarizə aparmaqdır və bu mübarizə təkcə korrupsiyanın geniş yayılmasına şərait yaradan halların aşkar edilməsi və qarşısının alınması üsulları ilə məhdudlaşmır, eyni zamanda özündə etik olmayan və qəbuledilməz davranışların aradan qaldırılması metodlarını da ehtiva edir. Azərbaycanda korrupsiyaya qarşı mübarizənin sistemli, kompleks və innovativ xarakteri ilə seçildiyi, bu istiqamətdə çoxşaxəli ardıcıl işlərin görüldüyü qeyd olunaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyi yığıncaq iştirakçılarının nəzərinə çatdırıldı.
2024-cü ilin keçən dövrü ərzində görülmüş işlər barədə məlumat verərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi, Dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi, korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə sahələrində müəyyən edilmiş istiqamətlər üzrə tədbirlər həyata keçirildiyini, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 2.17 bəndinin icra olunması məqsədilə yaradılmış “İşçi qrupu” tərəfindən “Korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması” mövzusunda təlimlərin keçirildiyini və bu istiqamətdə işlərin davam etdirildiyini, korrupsiya hallarının qarşısının alınması, əlaqədar qurumlar və yerli özünüidarəetmə orqanları ilə birlikdə il ərzində təhsil, səhiyyə və digər müəssisələrdə və idarələrdə antikorrupsiya davranış modelinin formalaşması ilə bağlı maarifləndirmə tədbirlərinin keçirildiyini bildirdi.
RİH başçısının müavini Ramiz Quliyev, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluğuna dəstək göstərilməsi məqsədilə yaradılan haqqı ödənilən ictimai işlərlə bağlı müraciətlərin il ərzində “DOST İş Mərkəzi”, rayon İcra Hakimiyyəti, icraçı qurum arasında üçtərəfli qaydada müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimləndiyini, bu sahədə işin səmərəliliyinin artırılması, sui-istifadəyə imkan yaradan hallara yol verilməməsi məqsədilə mütəmadi olaraq monitorinqlər və təhlillər aparıldığını, ictimai işlərə cəlb olunmaq üçün müraciət edən vətəndaşlarla müvafiq izahat və məlumatlandırma işlərinin aparıldığını, vətəndaş məmnunluğunun təmin edilməsi tədbirlərinin görüldüyünü qeyd etdilər. Həmçinin,
dövlət mülkiyyətində olan torpaq sahələrindən səmərəli və təyinatı üzrə istifadə olunması, sui-istifadə hallarına yol verilməməsi məqsədilə aidiyyəti qurumlarla birgə ərazidə monitorinqlər aparılaraq müvafiq tədbirlər görüldüyü vurğulandı.
RİHB Aparatının Hüquq şöbəsinin müdiri Hafiz Aberkarov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Hamlet Baxışov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vaqif Zeynalov çıxışlarında edərək dövlət qulluğunun qanunvericilik aktları, Azərbaycan Respublikasının Konstitusiyası, "Dövlət qulluğu haqqında" Qanun və digər normativ hüquqi aktlarla tənzimləndiyini, etik davranış qaydaları sahəsində beynəlxalq qanunvericiliyinin mövcudluğunu, dövlət qulluqçuları üçün “Etik davanış qaydaları haqqında” Qanunda vicdanlı davranış, loyallıq, ictimai etimad, maraqların toqquşması, əmlakdan istifadə, mədəni davranış və digər prinsiplərin təsbit olunduğunu, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində bu sahə üzrə il ərzində təlimlərin, təhlillərin aparıldığını bildirdilər.
Rayon İctimai Şuranın katibi Gülnarə Hacıyeva, Rayon Ağsaqqallar Şurasının sədr müavini Xalid Kərimov Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə imkan yaratdığını, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin mütəmadi xarakter almasını, ictimai müzakirələrin təşkil edilməsinin vacib olduğunu vurğulayaraq qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və zəruri tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd etdilər.
Tədbirin yekununda yığıncağın sədri Zahid Xəlilov “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Nəsimi rayonu üzrə 2025-ci il üçün Tədbirlər Planının layihəsinin hazırlandığını qeyd etdi, layihə ətrafında müzakirələr aparıldı və görüləcək işlər barədə aidiyyəti üzrə tapşırıqlar verildi.