Nəsimi Rayon İcra Hakimiyyətində “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təlim keçirilib
Mülkiyyət hüququnun qorunması mexanizmlərinin izah edilməsi və bu sahədə praktiki biliklərin möhkəmləndirilməsi məqsədilə Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Nəsimi Rayon İcra hakimiyyətinin əməkdaşları üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zahid Xəlilov mövzunun aktuallığından bəhs edərək bildirib ki, dövlət qurumlarının fəaliyyətində insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması əsas prioritet istiqamətlərdən biridir. Xüsusilə mülkiyyət hüququnun müdafiəsi hüquqi dövlət prinsiplərinin təmin olunmasında mühüm rol oynayır və vətəndaşların dövlətə olan etimadının möhkəmlənməsinə xidmət edir.
İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxışında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu sahədə baxdığı işlərdən söz açıb. O, ötən il ərzində bu Məhkəmənin Azərbaycana qarşı mülkiyyət hüququnun müdafiəsinə dair verilmiş şikayətlər üzrə qəbul etdiyi qərarları diqqətə çatdırıb.
Daha sonra İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Hamlet Babayev və təlimçi-ekspert Heydər Həsən oğlu Əliyev mövzu üzrə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda mülkiyyət hüququnun anlayışı, onun müdafiə vasitələri, həmçinin hüquqi mübahisələrin qarşısının alınmasında qanunvericiliyin düzgün tətbiqinin və inzibati qərarların əsaslandırılmasının vacibliyi vurğulanıb.
Təlimlərin praktiki hissəsində iştirakçılara hipotetik hüquqi vəziyyət təqdim olunub. Praktiki müzakirələr zamanı iştirakçılar müxtəlif hüquqi yanaşmaları təhlil edərək, real təcrübədə rast gəlinən problemlərin həlli yollarını dəyərləndiriblər. Sonda təlim iştirakçıları tərəfindən proqram qiymətləndirilib və onlara sertifikatlar təqdim olunub.






