Nəsimi rayon İcra Hakimiyyətində müşavirə keçirilib.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, Rayon Bələdiyyəsinin, Sahə İnzibati Ərazi Dairələri nümayəndələrinin, MKTB-nin və MKİS-lərin rəhbərlərinin iştirakı ilə Nəsimi Rayon İcra Hakimiyyətində Vətən müharibəsi şəhid ailələrinə və əlillərinə göstərilən diqqət və qayğının daimi nəzarətdə saxlanılması, qaldırdıqları məsələlərinin operativ həlli ilə əlaqədar müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan RİH başçısı Asif Əsgərov bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.
Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu qəbildən olan insanların problemləri ilə yaxından maraqlanır, onların həlli istiqamətində tədbirlər həyata keçirilir.
Əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir.
Natiq çıxışına davam edərək bildirdi ki, Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, yüksək diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Vətən Müharibəsi zamanı 704 nəfər Nəsimi rayon sakini hərbi xidmətə yollanmışdır. Vətən müharibəsində iştirak edən 704 nəfərdən 105-i müxtəlif dərəcəli xəsarətlər almış, onlardan 51 nəfərinə müxtəlif dərəcəli əlilliklər təyin olunmuşdur.
Nəsimi rayonu ərazisində qeydiyyatda olan 37 şəhid ailəsi və 39 Vətən müharibəsi əlili Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə mənzil növbəsinə götürülmüş və onlardan 24 şəhid ailəsi və 29 Vətən müharibəsi əlili artıq mənzillə təmin olunmuşdur. Rayon İcra Hakimiyyətinin köməkliyi ilə 56 nəfər Vətən müharibəsi iştirakçısı və 15 şəhid ailə üzvü işlə təmin olunmuşdur.
Müşavirədə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kamal Quluzadə və RİH başçısının 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nuru Əhmədov çıxış edərək görülmüş işlər barəsində məlumat verdilər.
Müşavirənin sonunda aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verildi.