Nəsimi rayon İcra Hakimiyyətində rayon təsərrüfatı xidmətlərinin iştirakı ilə müşavirə keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətində şəhərsalma fəaliyyəti sahəsində görülən işlər, qanunsuz tikintilərin və dövlət torpaqlarının zəbt olunmasının qarşısının alınması ilə bağlı İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və Mənzil Kommunal İstismarı Sahələrinin rəhbərləri iştirak etmişlər.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinin uğurla davam etdirildiyini qeyd edərək, şəhərsalma sahəsində verilmiş tapşırıqların icrası ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən ərazilərdə qanunsuz tikintilərin və dövlət torpaqlarının zəbt olunması hallarının qarşısının alınması istiqamətində lazımi nəzarətin gücləndirilməsinin vacibliyini bildirdi.
RİH başçısının müavini Ramiz Quliyev 28 noyabr 2024-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə verilən tapşırıqları müşavirə iştirakçılarının nəzərinə çatdırmış, Rayon ərazisində qanunsuz tikintilərin və dövlət torpaqlarının zəbt olunmasının qarşısının alınması istiqamətində aidiyyəti qurumların əməkdaşları ilə birgə mütəmadi monitorinqlərin aparıldığını, yerli səviyyədə dövlət şəhərsalma nəzarəti işinin daha səmərəli təşkili məqsədi ilə verilmiş tapşırıqların operativ və məsuliyyətlə icrasının təmin edilməsinin zəruriliyini qeyd etdi.
Müşavirədə rayon ərazisində görüləcək işlər bir daha müəyyənləşdirilərək aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verildi.