Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüş keçirilib

12 sentyabr 2026 | 12:16

Nəsimi rayon İcra Hakimiyyətində respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısı Tahir Budaqov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunları, onların valideynlərini təbrik edərək, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyasının bu gün Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq yeni müstəvidə uğurla davam etdirildiyini vurğulamış, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində icra olunan genişmiqyaslı sosial-humanitar layihələrin cəmiyyətin mənəvi tərəqqisinə verdiyi əvəzsiz töhfələri xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil siyasəti ölkəmizdə yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı müasir Azərbaycanın inkişaf strategiyasında təhsilin prioritet istiqamətlərdən birinə çevrildiyini bir daha təsdiqləyir. Bu gün də cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, bu sahədə qəbul olunan qərarlar ölkə gəncliyinin tərəqqisində vacib rol oynayır.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxışında bildirdi ki, məzunların ali məktəblərə qəbul imtahanlarında göstərdikləri bu yüksək nəticələr bütövlükdə rayonun böyük uğuru və qürur mənbəyidir. Qeyd olunmuşdur ki, 2025/2026-cı tədris ilində rayonun tam orta məktəblərini 3038 nəfər şagird bitirmiş, onlardan 2338 məzun ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Məzunların ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələr yüksəlmiş, qəbul imtahanlarında abituriyentlərdən 68 nəfəri 600-dən, 29 nəfəri isə 650-dən yuxarı bal toplamışdır. 2025/2026-cı tədris ilinin yekunlarına görə Nəsimi rayonu üzrə 12 məzun qızıl, 21 məzun gümüş, 9 məzun isə bürünc nişana layiq görülmüşdür.

Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, "Əməkdar elm xadimi", professor Vaqif Şadlinski bildirib ki, bu gün elm və təhsil quruculuğunda müasir dövrün çağırışları nəzərə alınır, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi "Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi" prinsipi ardıcıl şəkildə icra olunur. Ölkə gəncliyi elmin yeni tendensiyaları ilə yaxından tanış olur və bu meyar onların sağlam rəqabətli mühitdə inkişaf etməsinə əvəzsiz töhfə verir.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Türanə Məcidli və “Avra Company” MMC-nin direktoru Məsmun Quliyev çıxışlarında bildirdilər ki, son illərdə ölkədə elm və təhsil sahəsində aparılan genişmiqyaslı islahatlar, tədris müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi şagirdlərin bilik səviyyəsinin yüksəlməsində həlledici rol oynayır. Paytaxt məktəblilərinin, xüsusilə də Nəsimi rayonu məzunlarının imtahanlarda göstərdikləri göstəricilərin bu islahatların uğurlu nəticəsi olduğunu vurğulayan natiqlər tələbə adını qazanmış gəncləri təbrik ediblər.

Yüksək bal toplayan məzunlardan Selcan Əliyeva, Könül Yusublu, valideynlərdən Xalis Əliyev və 151 nömrəli tam orta məktəbin direktoru Salehə Məmmədova çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təhsil sahəsinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda 2025-2026-cı tədris ilində yüksək bal toplayan abituriyentlərə xatirə hədiyyələri təqdim edilib, onlarla xatirə şəkili çəkilib.

Keçidlər