Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi Rayon İcra Hakimiyyətində “Uşaq Hüquqları aylığı” çərçivəsində “Xüsusi uşaqlar, xüsusi qayğı” adlı tədbir keçirilib.

24 oktyabr 2025 | 14:05

Nəsimi Rayon İcra Hakimiyyətində Autizm Spektr Pozuntuları (ASP) olan uşaqların müayinə və müalicəsinə dəstəyin gücləndirilməsi, cəmiyyətdə maarifləndirmənin artırılması və bu sahədə mövcud stereotiplərin aradan qaldırılması məsələlərinə həsr olunmuş geniş tərkibli tədbir keçirilib.

Tədbir, ASP olan uşaqlara və onların ailələrinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə müxtəlif sahələrin mütəxəssislərini bir araya gətirib. Görüşdə Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə yanaşı, psixoloqlar, müəllimlər, həkimlər, hüquqşünaslar, sosial işçilər, qida təchizatı sahəsində çalışan mütəxəssislər və digər aidiyyəti peşə sahibləri iştirak ediblər. Bu multidissiplinar yanaşma, problemin hərtərəfli təhlilinə və effektiv həll yollarının tapılmasına zəmin yaradıb.

Eyni zamanda, valideynlərin maarifləndirilməsi və onlara psixoloji-sosial dəstəyin göstərilməsi məsələləri geniş müzakirə edilib. Cəmiyyətdə autizmlə bağlı mövcud stiqma və stereotiplərin aradan qaldırılması, inklüziv mühitin təşviqi və bu uşaqların cəmiyyətə inteqrasiyası üçün birgə fəaliyyətin zəruriliyi qeyd olunub.

Tədbirdə həmçinin uşaqlarla işləyən dövlət orqanlarının (qurumlarının) və qeyri-hökumət təşkilatlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılmasının əhəmiyyətinə toxunulub. Rayon ərazisində fəaliyyət göstərən yerli komissiyaların potensialının gücləndirilməsi və onların ASP olan uşaqların hüquqlarının müdafiəsində daha fəal rol oynaması üçün konkret təkliflər səsləndirilib.

Yekunda, Nəsimi rayonu üzrə autizm spektr pozuntuları sahəsində koordinasiyalı fəaliyyətin gücləndirilməsi, müəyyən edilən problemlərin həlli istiqamətində müvafiq addımların atılması və əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.

Keçidlər