Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbul keçirib
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 22 iyun 2022-ci il tarixdə 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov qəbulda iştirak edən Azadlıq prospekti, Ənvər Qasımzadə, Süleyman Rüstəm, Ruhulla Axundov, Rəşid Behbudov, S.Salayev küçələrinin əhatəsində, həmçinin rayonun digər ərazilərində yaşayan sakinlərin müraciətlərini dinləmişdir.
Sakinlərdən Hüseyn Şahbalıyev, Akif Ağayev, Nüsrət Kərimli, İlham Məmmədov, Simuzər Topçibaşeva, Allahverdi Səmədov və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın dam örtüyünün təmiri, quru ağacın götürülməsi, çoxillik ağacların, xüsusilə tut ağaclarının mərkəzdəki küçə və həyətlərdə narahatlıq yaratması, kanalizasiya xəttinin təmiri, parkda ödənişsiz əyləncə avadanlıqlarının qurulması, su təchizatında fasilələrin olması barədə müraciətlər etdilər.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən layihələr barədə söhbət aparmışdır.