Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 2026-cı il iyulun 1-də Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbində növbəti səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı məktəbdəki şəraitlə tanış olmuş, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmış, pedaqoji kollektiv ilə görüşmüşdür.
Görüşdə bildirilmişdir ki, məktəbdə müasir təlim mühitinin formalaşdırılması məqsədilə idman və akt zalları, kitabxana, tibb məntəqəsi, tədris və təcrübə otaqları, həmçinin fizika, biologiya, kimya, texnologiya, informatika, STEAM, linqafon və hərbi hazırlıq kabinetləri fəaliyyət göstərir. Altı tədris kabineti elektron lövhə ilə təchiz olunmuşdur və dərslərin daha səmərəli təşkili üçün onlardan geniş istifadə edilir.
Şagirdlərin hərtərəfli inkişafı üçün Uşaq və Gənclərin İnkişaf Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində şahmat, basketbol, voleybol, ingilis dili, rus dili, bədii qiraət və "Təbiətə qayğı" dərnəkləri fəaliyyət göstərir.
2023–2024-cü tədris ilindən məktəbdə inklüziv təhsil sinfi, 2024–2025-ci tədris ilindən isə ilk dəfə olaraq peşə təmayüllü sinif fəaliyyətə başlayıb. Hazırda məktəbin nəzdində tam orta təhsil səviyyəsində yeni təmayül tədris modeli məktəbi yaradılmaqdadır.
Məktəbin məzunları müxtəlif sahələrdə mühüm uğurlar qazanmışlar. Onlardan üç nəfər Heydər Əliyev təqaüdünə layiq görülmüş, iki nəfər sərbəst güləş üzrə Dünya Kubokunun qalibi olmuş, bir nəfər şahmat üzrə Avropa üçüncüsü, bir nəfər isə sərbəst güləş üzrə Avropa çempionu adını qazanmışdır.
Təhsil ocağının məzunlarından Fəxrəddin Nəcəfov Birinci Qarabağ müharibəsində şəhid olub və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Digər məzun Əliyev Rauf Səxavət oğlu isə Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.
Görüşdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyasının bu gün Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq yeni müstəvidə uğurla davam etdirildiyi vurğulanmış, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində icra olunan genişmiqyaslı sosial-humanitar layihələrin cəmiyyətin mənəvi tərəqqisinə verdiyi əvəzsiz töhfələr xüsusi qeyd olunmuşdur.
Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.
Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.
Sakinlərdən Elmira Mansurova, Samirə Məmmədova, Simran Seyidov, Asif Məmmədov, Elmira Quliyeva, Elşad Əhmədov, Gülbəniz Abbasova, Ələviyyə Zeynalova, Bənövşə Salahova, Sahibə Musayeva və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.
Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.






