Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 2026-cı il iyunun 3-də 151 nömrəli tam ümumtəhsil məktəbində səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı məktəbdəki şəraitlə tanış olmuş, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmış, pedaqoji kollektiv ilə görüşmüşdür.
Görüşdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil strategiyasının bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilmiş, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində icra olunan genişmiqyaslı sosial-humanitar layihələrin əhəmiyyəti xüsusi qeyd olunmuşdur.
Daha sonra çıxış edən rayon İcra Hakimiyyətinin başçısı bildirmişdir ki, memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycanda uşaq siyasəti mühüm yer tutur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir.
Prezident İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.
Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürüdür. Təkcə 2009-cu ildə deyil, bütün sonrakı illərdə də uşaqların problemlərinin həllinə Azərbaycan dövləti öz diqqətini bir an belə azaltmamışdır.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər nəticəsində "Yeniləşən Azərbaycana yeni məktəb" çərçivəsində yeni təhsil ocaqları tikilib istifadəyə verilib, "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı" və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" layihəsi çərçivəsində çoxlu sayda körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunub. Bütün bunlar göstərir ki, hər bir layihə uşaq hüquqlarının, uşaqların fiziki-mənəvi inkişafının, yetkinləşməsinin müdafiəsinə yönəlib.
Müstəqil Azərbaycanın tarixində müstəsna yeri olan, tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Gününün xalqımızın taleyindəki əvəzsiz rolu xüsusi vurğulanaraq qarşıdan gələn bayram münasibəti ilə iştirakçılar təbrik edilmiş, Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat verilmişdir.
Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.
Sakinlərdən Züleyxa Babaxanova, Nazim Əsgərov, Aynur Qaraşova, Zinyət Ağamalıyeva, Dilqəm Cəlilov, Sevinc Əlləzova, Yasəmən Kərimova, Almaz Abbasova, Fəridə Daşdəmirova və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.
Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.






