Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 2026-cı il avqustun 5-də Nəsimi rayon Bələdiyyəsinin yerləşdiyi inzibati binada növbəti səyyar qəbul keçirmişdir. Qəbuldan öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad etdilmişdir. Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Nəsimi Bələdiyyəsinin kollektivi ilə görüşmüşdür.
Görüşdə qurumun fəaliyyəti, strukturu və maddi-texniki bazası barədə ətraflı məlumat verilib. Bildirilib ki, Bələdiyyə 19 üzvdən (13-ü YAP, 5-i Bitərəf, 1-i Böyük Quruluş Partiyası) ibarət olmaqla Hüquq, Yerli Büdcə, Sosial, Ekologiya, İqtisadi İnkişaf, eləcə də Gənclər, gender və layihələrlə iş üzrə 6 daimi komissiya vasitəsilə öz işini təşkil edir. 19 üzvdən 5-i daimi əsaslarla, 14-ü isə ictimai əsaslarla çalışır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən icarəyə götürülmüş binada fəaliyyət göstərən Nəsimi Bələdiyyəsində 8 şöbə və 62 bələdiyyə qulluqçusu çalışır.
Məlumat verilmişdir ki, torpaq, əmlak, mehmanxana və dayanacaq vergilərindən formalaşan yerli büdcə vəsaitləri bələdiyyənin cari xərcləri ilə yanaşı, rayondakı sosial layihələrə, şəhid, qazi və aztəminatlı ailələrə göstərilən müntəzəm yardımlara, həmçinin genişmiqyaslı abadlıq-quruculuq işlərinə yönəldilir. Qeyd olunmuşdur ki, son üç ay ərzində Xətai prospekti 38, Alı Mustafayev küçəsi 6, 15, 17, Azadlıq prospekti 125 və Dilarə Əliyeva küçəsi 175 ünvanlarında təmir-bərpa və asfaltlama işləri aparılıb, Azadlıq prospekti 125 ünvanında sakinlərin istifadəsinə yeni söhbətgah verilib. Hazırda isə İzmit parkında və 4-cü mikrorayon, Mirmahmud Kazımovski küçəsi 21 ünvanında təmir-bərpa işləri davam etdirilir.
Görüşdə bələdiyyələrin müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə orqanı kimi vətəndaşların yerli idarəetmədə iştirakının ən vacib amili kimi xüsusi əhəmiyyət kəsb etdiyi bildirilmiş, Ulu Öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanmışdır.
Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.
Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.
Sakinlərdən Kənan Qubadzadə, Arzu Məmmədov, Xalid Kərimov, Ədviyyə Rəsullu, Mahal Həsənov, Natiq Əliyev, Leyla Cəbrayılova, Kifayət Vəliyeva, Zahid Məmmədov, Aydın Yusifov, Rüfət İbrahimov, Balaxanım Quliyeva və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.
Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.






