Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 2026-cı il mayın 6-da Saleh Poladi adına 159 nömrəli tam orta ümumtəhsil məktəbində səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı məktəbdəki şəraitlə tanış olmuş, məktəbin kitabxanasına və şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmış, pedaqoji kollektiv ilə görüşmüşdür.
Görüşdə Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, Ulu Öndərin xalqımız və dövlətçiliyimizin qarşısındakı tarixi xidmətlərindən bəhs olunmuş, onun ölkəmizdə siyasi sabitliyin təmin olunması, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətin bu gün də uğurla davam etdirildiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, Ümummilli liderin zəngin siyasi irsi müasir Azərbaycanın inkişafının əsas dayaqlarından biri olmaqla yanaşı, gələcək nəsillər üçün də mühüm örnəkdir. Təməli Ümummilli Lider tərəfindən qoyulmuş milli inkişaf strategiyasının bu gün Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun olaraq yeni müstəvidə uğurla davam etdirildiyi bildirilmiş, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində icra olunan genişmiqyaslı sosial-humanitar layihələrin cəmiyyətin mənəvi tərəqqisinə verdiyi əvəzsiz töhfələr xüsusi qeyd olunmuşdur. Tədbirdə görüş içtirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.
Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.
Sakinlərdən Ramil Babayev, Mikayıl Abdullayev, Səxavət Babayev, Xalid Eynalov, Zəhra Bərxudarova və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.
Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.






