Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 2026-cı il iyulun 8-də Azərbaycan-Fransız Universitetində növbəti səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı təhsil ocağındakı şəraitlə tanış olmuş, pedaqoji kollektiv ilə görüşmüşdür.
Görüşdə bildirilmişdir ki, Azərbaycan-Fransız Universitetinin (UFAZ) yaradılması təşəbbüsü 2014-cü ildə Azərbaycan və Fransa prezidentləri tərəfindən irəli sürülmüşdür. UFAZ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 9 iyun tarixli Sərəncamı ilə fəaliyyətə başlamış və rəsmi olaraq 2016-cı ilin sentyabr ayında ilk tələbə qəbulunu həyata keçirmişdir. Universitetin yaradılmasında əsas məqsəd beynəlxalq standartlara cavab verən mütəxəssislər yetişdirmək və elmi-tədqiqat fəaliyyətini inkişaf etdirməkdir. Tədris əsasən ingilis dilində aparılır və məzunlar həm ADNSU, həm də Fransa universitetlərinin diplomlarını əldə etmək imkanı qazanırlar.
UFAZ mühəndislik və fundamental elmlər istiqamətində müasir əmək bazarının tələblərinə cavab verən proqramlar təqdim edir. Universitet bakalavr səviyyəsində Kompüter elmləri, Kimya, Kimya mühəndisliyi, Yer elmləri və geofizika mühəndisliyi, Neft və qaz mühəndisliyi, magistr səviyyəsində isə Məlumat elmləri və süni intellekt, Fiziki kimya/kimya mühəndisliyi, Yer elmləri, Su ehtiyatları və idarəetmə kimi ixtisaslar üzrə kadr hazırlığını həyata keçirir.
Universitetin əsas üstünlüklərindən biri onun beynəlxalq akademik mühitidir. Universitetdə xarici ölkələrdən dəvət olunmuş professor və müəllimlər tədris prosesində fəal iştirak edərək mühazirələr aparırlar. Hazırda UFAZ-da 145 dəvət olunmuş müəllim, 4 əməliyyatlar üzrə menecer, 3 elmi məsləhətçi və 16 proqram rəhbəri fəaliyyət göstərir.
UFAZ mütəmadi olaraq beynəlxalq seminarlar, konfranslar və daxili qrant müsabiqələri təşkil edir.
Görüşdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil strategiyasının Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirildiyi diqqətə çatdırılmış, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirilən sosial-humanitar layihələrin cəmiyyətin mənəvi inkişafına verdiyi töhfələr xüsusi qeyd olunmuşdur.
Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.
Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.
Sakinlərdən İslam Kərimov, Tamara Gülməmmədova, Elman Mahmudov, Musa Yolçuyev, Aytən Adilova, Valya Səmədova, Fərəh Həsənova, Elman Əlixanov, Aygün Səfərova, Mehriban Məmmədova, Hüseyn Şəfiyev, Şahnigar Yusifova, Rəna Əfəndiyeva və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.
Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.






