Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib.

11 sentyabr 2026 | 11:25

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq Akif Abdullayev adına 211 nömrəli tam orta ümumtəhsil məktəbində növbəti səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı məktəbdəki şəraitlə tanış olmuş, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmış, pedoqoji kollektiv ilə görüşmüşdür.

Görüşdə bildirilmişdir ki, məktəbdə müasir təlim mühitinin formalaşdırılması məqsədilə idman və akt zalları, kitabxana, tibb otağı, çağırışaqədər hərbi hazırlıq kabinetləri, laboratoriyalar, həmçinin kimya, biologiya, fizika, informatika kabinetləri fəaliyyət göstərir. Məktəbin layihə tutumu 1260 nəfərlik şagird üçün nəzərdə tutulsa da, məktəbdə 66 sinif komplektində 2100 şagird təhsil alır.

Məktəbin şagirdləri müxtəlif sahələrdə mühüm uğurlar qazanmışlar. Onlardan bir şagird “Robotex İnternational” Beynəlxalq yarışında, bir şagird İqtisadiyyat müsabiqəsində, iki şagird “Mənim ağıllı şəhərim” layihəsində, digər bir şagird isə SASMO Beynəlxalq Müsabiqəsində qalib adına layiq görülmüşdür.

Məktəbin şagirdlərindən biri “Azərbaycan memarlığında Heydər Əliyev irsi” mövzusunda esse müsabiqəsində I yerə layiq görülmüş, digər bir şagird isə “Misir və Azərbaycan dostluğu nəsillərdən – nəsillərə” adlı sərgidə iştirak etmişdir. Məktəbin 20 şagirdi müxtəlif beynəlxalq idman yarışlarında iştirak edərək Azərbaycanı uğurla təmsil etmişdir.

Məktəb Heydər Əliyev Fondunun vitse - prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə ümumtəhsil məktəblərində təşkil edilmiş “Xeyirxahlıq” festivalında  iştirak etmiş və “Ən xeyirxah məktəb” nominasiyası üzrə I yerə layiq görülmüşdür.

Görüşdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyasının bu gün Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq yeni müstəvidə uğurla davam etdirildiyi vurğulanmış, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində icra olunan genişmiqyaslı sosial-humanitar layihələrin cəmiyyətin mənəvi tərəqqisinə verdiyi əvəzsiz töhfələr xüsusi qeyd olunmuşdur.

Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.

Görüşün sonunda rayon İcra Hakimiyyətinin başçısı qarşıdan gələn “Bilik Günü” və 2026/2027-ci tədris ilinin başlanması münasibətilə məktəbin kollektivini təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.

Sakinlərdən Elnarə Zeynalova, Könül Nadirova, Əflatun Hüseynov, Bəhruz Piriyev, İzzət Məhərrəmov, Kərəm Məmmədov, Cavid İmaməliyev, Zeynəb İmaməliyevə, Mübariz Mirzəyev, Kamran Həmidov, Yaşar Quliyev və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.

Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər