Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

13 avqust 2026 | 17:38

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 2026-cı il avqustun 12-də  Nəsimi rayonunda yerləşən “Bakı Tikiş Evi” ASC-nin inzibati binasında növbəti səyyar qəbul keçirib. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı  müəssisənin istehsal sahələri ilə tanış olub,kollektiv ilə görüşüb.

Görüşdə müəssisənin fəaliyyəti, strukturu və maddi-texniki bazası barədə ətraflı məlumat verilib. Bildirilib ki, müəssisə 1937-ci ildə yaradılaraq “Volodarski” adına tikiş fabriki kimi fəaliyyət göstərib, sonradan A.Bakıxanov adına tikiş fabriki , 1999-cu ildən isə “Bakı Tikiş Evi” ASC kimi tikiş məmulatlarının istehsalı ilə məşğuldur.

Müəssisədə ümumilikdə 22300 kv.m sahədə 5 tikiş sexi, 6 köməkçi sahə (hazırlıq, sınaq, biçim, buxarxana, ütü, presləmə sahələri) və laboratoriya fəaliyyət göstərir.

Qeyd olunub ki, müəssisə 1991-ci ildən Azərbaycan Respublikasının Ordu quruculuğunda fəal iştirak edərək əsgər və zabitləri müxtəlif çeşidlərdə geyimlərlə təmin etməyə başlayıb və bu sahədə böyük təcrübə qazanaraq ixtisaslaşıb.

1998-ci ildə Respublikada ilk dəfə olaraq “Bakı Tikiş Evi” ASC-nin mütəxəssisləri tərəfindən NATO sisteminə uyğun hərbi geyim modelləri, 2007-ci ildə isə Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün yeni modellər hazırlanaraq istehsal edilib. Hazırda müəssisə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar Baş İdarəsi və digər sifarişçilərin sifarişlərini yerinə yetirir.

“Bakı Tikiş Evi” ASC Azərbaycanda yeganə tikiş müəssisəsidir ki, Türk Standartları İnstitutu tərəfindən verilmiş Dünya Keyfiyyət Sistemi sertifikatına malikdir və həmin sistemin tələblərinə uyğun olaraq fəaliyyət göstərir. Müəssisə 11-13 oktyabr 2002-ci ildə İstanbul şəhərində keçirilən Dünya Tekstil və Geyim Sərgisində iştirak edib,öz istehsalı olan hərbi və mülki geyim nümunələrini nümayiş etdirərək təşkilatçılar tərəfindən mükafatlandırılıb. 2016-cı ildə Moskva şəhərində, 2014, 2018-ci illərdə isə Bakı şəhərində keçirilən hərbi geyim sərgilərində iştirak edib.

“Bakı Tikiş Evi” ASC 2008-ci ildən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının həqiqi üzvüdür.

Hazırda müəssisədə 422 nəfər işçi çalışır. Onlardan 75 nəfəri ali təhsilli mühəndis və texnoloq, 40 nəfəri isə orta texniki təhsilli işçilərdir.

Müəssisənin rəhbər işçilərinin orta iş təcrübəsinin 25-30 il, hərbi geyimlərin istehsalı üzrə işçilərin iş təcrübəsinin isə 20 il olduğu bildirilib.

Görüşdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş müasir  inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, dövlət dəstəyi nəticəsində yüngül sənaye müəssisələrinin istehsal potensialının artırılması, yerli istehsalın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və rəqabət qabiliyyətli məhsulların istehsalının artırılması, yerli xammaldan daha səmərəli istifadə olunması  istiqamətində müvafiq addımlar atılır.

Xüsusi  vurğulanıb ki ,Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə əsası qoyulan yüngül  sənaye infrastrukturu  Prezident  İlham  Əliyevin rəhbərliyi altında rəqəmsal və innovativ texnologiyalar tətbiq edilərək qeyri-neft iqtisadiyyatının və məşğulluğun təmin olunmasında aparıcı sahələrdən birinə çevrilib.

Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilib.

Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılan rayon sakinlərinin müraciətlərini dinləyib.

Sakinlərdən Eldar Haqverdiyev, Mətanət Zeynalova, Azər Mehdiyev, Fikrət Babayev, Fəridə Daşdəmirova, Həmid Məmmədov, Reyhan Nəcəfova, Anar Şahverdizadə, Arifə Rüstəmova, Şəhla Əhmədova, Təxəyyül Əhmədov və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər ediblər.

Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər