Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 2026-cı il noyabrın 12-də 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində növbəti səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı mərkəzdəki şəraitlə tanış olmuş, uşaqların əl işlərindən ibarət sərgiyə baxmış, pedaqoji kollektiv ilə görüşmüşdür.
Görüşdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində ümumilikdə 127 işçinin çalışdığı, onlardan 110 nəfərin pedaqoji, 17 nəfərin isə texniki heyət olduğu qeyd olunmuş, mərkəzin fəaliyyəti barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, mərkəzin Nəsimi rayonunun bir sıra tam orta ümumtəhsil məktəblərində, həmçinin Nərimanov, Binəqədi, Nizami, Xətai, Yasamal, Sabunçu və Xəzər rayonlarının məktəblərində fəaliyyət göstərən dərnəklərində ümumi üzv sayı 2904 nəfər təşkil edir. Dərnək üzvləri yerli və beynəlxalq müsabiqə, festival və yarışlarda müvəffəqiyyətlə iştirak edərək yüksək nəticələr qazanırlar.
Görüşdə Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə istedadlı və yaradıcı uşaqların potensialının üzə çıxarılması və onların hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığı, yaradıcılıq mərkəzlərinin fəaliyyətinə diqqət və qayğı məsələlərinin dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanmışdır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət sayəsində Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin maddi-texniki bazası əsaslı şəkildə gücləndirilmiş, dərnəklərin fəaliyyət dairəsi genişləndirilmiş və uşaqların müasir tələblərə cavab verən şəraitdə təhsil almaları təmin edilmişdir.
Görüşdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanitar layihələr, elm, təhsil və mədəniyyətin inkişafına, eləcə də gənc istedadların üzə çıxarılmasına verdiyi böyük dəstək nəticəsində ölkə üzrə uşaqların estetik tərbiyəsi, intellektual və yaradıcı potensialının reallaşdırılması üçün geniş infrastrukturun yaradıldığı xüsusi qeyd olunmuşdur.
Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.
Görüşün sonunda rayon İcra Hakimiyyətinin başçısı 12 noyabr – Konstitusiya Günü münasibətilə mərkəzin kollektivini təbrik etmiş, Ulu Öndər Heydər Əliyevin “Konstitusiya Azərbaycan xalqının müstəqillik iradəsinin və dövlətçilik düşüncəsinin məhsuludur. O, gələcək nəsillər üçün azadlığın və suverenliyin təminatıdır” kəlamını xatırladaraq gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda yetişdirilməsində müəllimlərin müstəsna rolunu vurğulamış və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.
Sakinlərdən Samirə Hüseynova, Xədicə Səfərəliyeva, Sevinc Şirinova, Leyla Hüseynova, Esmira Qarayeva, Zahid Məmmədov, Solmaz Qasımova, Mahal Həsənov, Rauf Nəzərov, İmamverdi Həmidov, Sevda Sədrəddinova, Ağamoğlan Abidov və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.
Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısı aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.






