Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

19 iyun 2026 | 14:11

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 16 nömrəli Texniki-Humanitar fənlər liseyində növbəti səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı liseydəki şəraitlə tanış olmuş, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmış, pedaqoji kollektiv ilə görüşmüşdür.

Görüşdə 15 iyunun Azərbaycan xalqı və dövləti üçün olduqca böyük əhəmiyyətə malik iki mühüm hadisə ilə əlamətdar olduğu bildirilmiş, 33 il əvvəl – 1993-cü ilin iyunun 15-də xalqımızın Ümummilli Lideri, müdrik dövlət xadimi Heydər Əiyev Azərabaycan Respublikası Ali Sovetinin sədri seçilmiş və həmin gün tarximizə Milli Qurtuluş Günü kimi həkk olunmuşdur. Bu, Azərbaycan dövlətçiliyinin xilası, real müstəqilliyin təmini və qorunub saxlanılması baxımından taleyüklü dönüş nöqtəsi olmuşdur. Vaxtilə dünyanın aparıcı geosiyasi güc mərkəzlərindən biri olan SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində ağır sınaqlarla üzləşmişdi. Daxili siyasi böhranın və iqtisadi tənəzzülün dərinləşməsi, qarşıdurmaların və separatizm meyllərinin güclənməsi, xarici təhdidlərin artması fonunda Ermənistanın hərbi təcavüzü Azərbaycanın parçalanması, hətta dünya xəritəsindən silinməsi təhlükəsini meydana çıxarmışdı. Belə bir mürəkkəb şəraitdə Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtmış və Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmışdır.

Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətləri vurğulanmış, onun ölkəmizdə siyasi sabitliyin təmin olunması, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətinin bu gün də uğurla davam etdirildiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, Ümummilli Liderin zəngin siyasi irsi müasir Azərbaycanın inkişafının əsas dayaqlarından biri olmaqla yanaşı, gələcək nəsillər üçün də mühüm örnəkdir.

Daha sonra çıxış edən rayon İcra Hakimiyyətinin başçısı bildirmişdir ki, 15 iyun tarixi həm də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlamətdardır. 5 il əvvəl – 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə xidmət edən və gələcəyə konseptual-strateji baxışı ortaya qoyan sənəddir. Bu gün iftixarla söyləyirik ki, Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan Şuşa Bəyannaməsi Ümummilli Liderimizin əbədiyaşar ideyalarını özündə əks etdirən Milli Qurtuluş məfkurəsinin müasir geosiyasi şəraitdə məntiqi davamıdır.

Təməli Ümummilli Lider tərəfindən qoyulmuş milli inkişaf strategiyasının bu gün Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq yeni müstəvidə uğurla davam etdirildiyi bildirilmiş, Azərbaycan Respublikasının

Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində icra olunan genişmiqyaslı sosial-humanitar layihələrin cəmiyyətin mənəvi tərəqqisinə verdiyi əvəzsiz töhfələr xüsusi qeyd olunmuşdur.

Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.

Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.

Sakinlərdən Mahal Həsənov, Sevinc Ağayeva, Gülminaz Nəsirova, Tamara Abasquliyeva, Gülarə Alışova, Briliant Səlimzadə, Esfira Əhmədova, Fərrux İbrahimov və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.

Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər