Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib.

18 sentyabr 2026 | 11:05

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq Samir Hacıyev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində növbəti səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı məktəbdəki şəraitlə tanış olmuş, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmış, pedoqoji kollektiv ilə görüşmüşdür.

Görüşdə bildirilmişdir ki, məktəbdə müasir təlim mühitinin formalaşdırılması məqsədilə idman və akt zalları, kitabxana, tibb otağı, laboratoriyalar, həmçinin kimya, biologiya, fizika, xarici dil, informatika kabinetləri fəaliyyət göstərir. Məktəbdə 72 sinif komplektində 2031 şagird təhsil alır və məktəbəhazırlıq qruplarında 33 uşaq tədrisə cəlb olunub.

Məktəbin ingilis dili müəllimi Abdullayeva Gülnarə Bəşir qızı 2007-ci ildə əməkdar müəllim adına layiq görülmüşdür.

Məktəbdə “Bil-bacar”, ”Elektron məktəb” və "Rəqəmsal bacarıqlar" layihələri tətbiq edilir. Məktəbin şagirdləri müxtəlif yerli və beynəlxalq müsabiqələrdə uğur qazanmışlar.

Məktəbin 5-ci sinif qızlardan ibarət komandası respublika üzrə məktəblilər arasında keçirilən “Məktəbli kuboku” futbol turnirində çempion olmuşdur. 9-cu sinif şagirdi Kazımova Mədinə Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən karate üzrə QRAN PRİX yarışında, 5-ci sinif şagirdi Şükürov Cəlal Macarıstanın Eger şəhərində keçirilən karate üzrə Avropa çempionatında, 6-cı sinif şagirdi Balayev Muradxan KUNG-Fu üzrə respublika turnirində I yerə layiq görülmüşlər.

2025-2026-cı tədris ilində məktəbi 176 nəfər tam orta təhsil səviyyəsi üzrə, 220 nəfər isə ümumi orta təhsil səviyyəsi üzrə bitirərək məzun olmuşdur. Onlardan 25 nəfəri (tam orta və ümumi orta) fərqlənmə attestatına layiq görülmüşdür. 176 məzundan 119 nəfər (67,6 %) müxtəlif ali təhsil müəssisələrinə daxil olmuşdur.

Məzunlardan 7 nəfəri 600-dən çox, 2 nəfəri isə 650-dən çox bal toplayıb. 1 nəfər isə Zeynallı Əli Musa oğlu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qızıl nişanla təltif olunub.

Görüşdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyasının bu gün Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq yeni müstəvidə uğurla davam etdirildiyi vurğulanmış, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində icra olunan genişmiqyaslı sosial-humanitar layihələrin cəmiyyətin mənəvi tərəqqisinə verdiyi əvəzsiz töhfələr xüsusi qeyd olunmuşdur.

Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.

Görüşün sonunda rayon İcra Hakimiyyətinin başçısı “Bilik Günü” və 2026/2027-ci tədris ilinin başlanması münasibətilə məktəbin kollektivini təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq Ümummilli Lider Heydər Əliyevin “Mən dünyada müəllimdən yüksək ad tanımıram” kəlamının müəllimlərin əməyinə verilən ən yüksək qiymət olduğunu diqqətə çatdırmışdır.

Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.

Sakinlərdən Həmzalıyeva Zərifə, Abdullayeva Gülnarə, Kərimov Mahir, Şirinova Zafta, Qubadova Sevda, İsmayılov Qurban, Ahəngi Vaqif, Qocayev Murad, Əhmədova Şəhla, Əhmədov Təxəyyül, Qafarova Güllübəyim, Rüstəmov Amil, Vəliyeva Kifayət və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.

Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər