Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 2026-cı il mayın 18-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam ümumtəhsil məktəbində səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı məktəbdəki şəraitlə tanış olmuş, məktəbin kitabxanasına və şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmış, pedaqoji kollektiv ilə görüşmüşdür.
Görüşdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq yeni müstəvidə uğurla davam etdirildiyi bildirilmiş, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində icra olunan genişmiqyaslı sosial-humanitar layihələrin cəmiyyətin mənəvi tərəqqisinə verdiyi əvəzsiz töhfələr xüsusi qeyd olunmuşdur.
Həmçinin Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF 13) barədə görüş iştirakçılarına ətraflı məlumat verilmiş, bu mötəbər beynəlxalq tədbirin ölkəmizdə reallaşdırılmasının əhəmiyyəti vurğulanmış, respublikamızın şəhərsalma, dayanıqlı inkişaf və müasir infrastrukturun qurulması istiqamətində qazandığı uğurların beynəlxalq aləmdə yüksək qiymətləndirildiyi diqqətə çatdırılmışdır. Eyni zamanda qeyd olunmuşdur ki, Bakı şəhərinin ev sahibliyi etdiyi bu mötəbər forum müasir Azərbaycanın qlobal inkişaf xəttini tam əks etdirir.
Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.
Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.
Sakinlərdən Sevinc Babayeva, Afət Əliyeva, Bəsti Məmmədova, Lyudmila Hüseynova, Ələmdar Daşdəmirov, Sabina Cəfərova, Anar Mehdiyev, Hafiz Şərifov, Ruhiyyə Mövsümzadə, Səidə Bəydəmirova, Xalıqverdi Sadıqov, Bahar Babayeva, Ramilə Cəfərova və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.
Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.






