Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 2026-cı il oktyabrın 21-də “Azərişıq” ASC-nin Nəsimi Regional Enerji Təchizatı və Satışı İdarəsinin inzibati binasında növbəti səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı Nəsimi RETSİ-nin kollektivi ilə görüşmüşdür. Rayon İcra Hakimiyyətinin başçısı 20 oktyabr – Energetiklər Günü münasibətilə Nəsimi RETSİ-nin kollektivini təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq Ümummilli Lider Heydər Əliyevin “Mən xoşbəxtəm ki, Azərbaycanın müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam!” kəlamının bu sahəyə verilən yüksək qiymət olduğunu diqqətə çatdırmışdır.
Görüşdə Nəsimi RETSİ-də ümumilikdə 120 işçinin çalışdığı, onların 36 nəfərinin Satış şöbəsində, 84 nəfərinin isə İstismar şöbəsində fəaliyyət göstərdiyi qeyd olunmuş, RETSİ tərəfindən həyata keçirilən işlər barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, Nəsimi RETSİ-nin 3 mərtəbədən ibarət inzibati binası 2010-cu ildən tikilib istifadəyə verilib. İnzibati binada Satış və İstismar şöbələri, eyni zamanda Müştəri xidmətləri və 199 Qəza xidməti fəaliyyət göstərir.
Rayon ərazisində 1 ədəd 110/35/10 kV-luq “Dağlıq” yarımstansiyası, 7 ədəd 35/10/6 kV-luq yarımstansiya, 150 ədəd 10/6 kV-luq transformator məntəqəsi və 26 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) mövcuddur.
Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 80 000-i əhali və 9 000-i qeyri-əhali olmaqla, ümumilikdə 89 000 abonentə elektrik enerjisinin təchizatı xidməti göstərilir. İlin sonunadək bütün abonentlərin SMS sayğacla təmin olunması işlərinin başa çatdırılacağı barədə məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar İstismar şöbəsi tərəfindən artıq yüklənməyə məruz qalan avadanlıqlar daha güclüləri ilə əvəz olunmuş, 431 metr zədəli 0,4 kV-luq kabel dəyişdirilmiş, transformatorlarda 110/35 və 10 kV-luq girimlər təftiş olunmuş, 40 transformator məntəqəsində standart qoruyucular quraşdırılmış və 6–10 kV-luq hava xətləri cari təmir edilmişdir.
Görüşdə Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə elektrik enerjisi sisteminin inkişafı daim prioritet məsələlərdən biri olduğu, bu sistemin sürətli inkişafını təmin etmək məqsədilə bir sıra irimiqyaslı layihələrin reallaşdırılıldığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müasir dövrün tələblərinə uyğun həyata keçirdiyi məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Respublikası nəinki elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödənilməsini təmin etmiş, eyni zamanda ölkəmiz elektrik enerjisi ixrac edən respublikaya çevrilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının ölkənin ictimai-siyasi həyatındakı müstəsna əhəmiyyətindən ətraflı bəhs edərək bildirdi ki, cəmiyyətin geniş təbəqələrini öz ətrafında birləşdirən YAP-ın bu ali toplantısı həm partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, həm də xalq-iqtidar həmrəyliyinin növbəti dəfə nümayiş etdirilməsi baxımından mühüm tarixi hadisədir. Qurultayda səsləndirilən fikirlərin və qarşıya qoyulan yeni hədəflərin müasir Azərbaycanın davamlı inkişafına güclü təkan verəcəyi xüsusi vurğulanmışdır.
Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.
Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.
Sakinlərdən Vidadi Zülfüqarov, Cümşüd Əhmədov, Məmmədağa Əzimov, Bəkir Ənsərov, Kamal Həsənov, Tahir Ağayev, Fəridə Xəlilova, Yusif Xəlilov, Dilarə Məmmədova, İbrahim Abdullayev, Nüşabə Sultanova, Tahirə Həsənova və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.
Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.






