Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 2026-cı il iyulun 22-də Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin inzibati binasında növbəti səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı MKTB-in kollektivi ilə görüşmüşdür.
Görüşdə son aylar rayon ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərində Mənzil Kommunal Təsərrüfatı Birliyi kollektivinin yaxından iştirak etdiyi qeyd olunmuş, eyni zamanda MKTB tərəfindən həyata keçirilən işlər barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, rayon ərazisində şəhər mühitinin yaxşılışdırılması və ekoloji sağlamlaşdırma istiqamətində əhəmiyyətli işlər görülmüş, bir sıra ünvanlara qazon örtüyü salınmış, müxtəlif növ ağac və kollar əkilmiş, rayon ərazisindəki park və məhəllə stadionlarında təmir-bərpa işləri aparılmışdır. Rayonun ayrı-ayrı məhəllələrində yararsız hala düşmüş asfalt örtükləri bərpa edilmiş, S.Rəhimov, A.Bakıxanov küçələri asfaltlaşdırılmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Məlumat verilmişdir ki, Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə aparılmış monitorinqlər nəticəsində rayon ərazisində inkişafını dayandırmış, qəzalı vəziyyətdə olan və təhlükə yaradan 200-dən artıq ağac müəyyənləşdirilmişdir. Hazırda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyləri əsasında həmin ağaclar kəsilərək ərazidən götürülür, kəsilmiş ağacların yerinə müxtəlif növ həmişəyaşıl ağaclar əkilərək ərazidə genişmiqyaslı abadlıq işləri aparılır.
Görüşdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir şəhərsalma və inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün ən yüksək tələblərinə uyğun olaraq uğurla davam etdirildiyi diqqətə çatdırılmış, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən abadlıq və yaşıllaşdırma layihələrinin şəhərin müasir simasının formalaşmasına, ekoloji tarazlığın qorunmasına və sakinlərin rahat yaşayışına mühüm töhfə verdiyi xüsusi qeyd olunmuşdur.
Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.
Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.
Sakinlərdən Səadət Müslümova, Təzəgül Camalova, Anar Əhmədov, Səbinə Vəliyeva, Xeyrulla Cəfərov, Xatırə Hacıyeva, Fəhmin Əhmədov və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.
Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.






