Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 2026-cı il iyunun 24-də İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbində səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı məktəbdəki şəraitlə tanış olmuş, pedaqoji kollektiv ilə görüşmüşdür.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov görüş iştirakçılarını qarşıdan gələn 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Bildirmişdir ki, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq tarixini özündə əks etdirən əlamətdar bayramlardan biridir. Qeyd olunmuşdur ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk nizami hərbi hissələrin yaradılması ilə milli ordumuzun təməli qoyulmuş, bu əlamətdar tarix Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə ölkəmizdə Silahlı Qüvvələr Günü kimi təsis edilmişdir.
Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir olan ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Hələ sovet dönəmində Ulu Öndərin uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün milli kadr probleminin həlli yolunda mühüm addım atıldı.
Bildirildi ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə dövlət quruculuğu prosesinin mühüm istiqamətlərindən biri məhz güclü və peşəkar ordunun formalaşdırılması olmuşdur. Ulu Öndərin rəhbərliyi ilə ordu quruculuğu sahəsində ardıcıl islahatlar həyata keçirilmiş, hərbi intizam və idarəetmə sistemi təkmilləşdirilmişdir. Məhz həmin dövrdə əsası qoyulan ordu quruculuğu strategiyası sonrakı illərdə daha da inkişaf etdirilərək müasir tələblərə cavab verən milli Silahlı Qüvvələrin formalaşmasına zəmin yaratmışdır.
Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan Ordusunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmiş, hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülmüş, müasir silah və texnologiyalarla təchizat, peşəkar kadr hazırlığı və döyüş hazırlığı sahələrində mühüm nailiyyətlər əldə edilmişdir.
Azərbaycan Ordusunun qüdrəti və peşəkarlığı 2020-ci ilin Vətən müharibəsində öz təsdiqini tapmışdır. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz vətən torpaqlarının azadlığı uğrunda apardığı döyüşlərdə böyük qəhrəmanlıq nümayiş etdirmiş, 30 ilə yaxın işğal altında qalmış ərazilərimiz azad edilmişdir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində mühüm mərhələ olmaqla yanaşı, Azərbaycan xalqının milli birliyinin, dövlətimizin siyasi iradəsinin və Ordumuzun yüksək döyüş qabiliyyətinin parlaq təzahürü olmuşdur.
Qeyd edilmişdir ki, Azərbaycan Ordusunun qazandığı uğurlar ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına, regionda yeni reallıqların formalaşmasına və milli təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə vermişdir. Ordumuz bu gün də müstəqilliyimizin, suverenliyimizin və konstitusiya quruluşumuzun etibarlı təminatçısı olaraq ölkəmizin təhlükəsizliyinin keşiyində şücaətlə dayanır.
Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyasının bu gün Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq yeni müstəvidə uğurla davam etdirildiyi bildirilmiş, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində icra olunan genişmiqyaslı sosial-humanitar layihələrin cəmiyyətin mənəvi tərəqqisinə verdiyi əvəzsiz töhfələr xüsusi qeyd olunmuşdur.
Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.
Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.
Sakinlərdən Eldar Məmmədbəyli, Sücayət İsmayılova, Yeganə Məmmədzadə, Fizzəxanım Rəsulova, Namiq Həsənov, Ramazan Əsgərli. Teyyub Əliyev, Təranə Əliyeva, Hüseynəli Abbaslı, Yeganə Mirzəyeva, Leyla Səlimova, Afaq Bağırova, Sara Quliyeva, Sevil Bağırova, Cəmilə Xalıqova və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.
Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.






