Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

26 may 2026 | 17:01

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 2026-cı il mayın 25-də 14 nömrəli tam orta ümumtəhsil məktəbində səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı məktəbdəki şəraitlə tanış olmuş, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmış, pedaqoji kollektiv ilə görüşmüşdür.

Görüşdə qeyd olunmuşdur ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli tərəqqi xətti Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələbləri çərçivəsində uğurla davam etdirilir. Təhsil sahəsində mühüm keyfiyyət dəyişikliklərinə səbəb olan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan irihəcmli sosial-humanitar proqramların cəmiyyətin mənəvi yüksəlişindəki əvəzsiz rolu xüsusi vurğulanmışdır.

Daha sonra çıxış edən rayon İcra Hakimiyyətinin başçısı qarşıdan gələn müqəddəs Qurban Bayramı və 28 May - Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, fəaliyyətlərində uğurlar arzulamışdır. Vurğulanmışdır ki, xalqımızın milli-mənəvi dəyərlərinin və həmrəyliyinin rəmzi olan Qurban Bayramı hər kəsi xeyirxahlığa, mərhəmətə və birliyə səsləyir. Dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olan Müstəqillik Gününün bu gün ölkəmizin hər bir guşəsində, xüsusilə də azad olunmuş torpaqlarımızda böyük qürur hissi ilə qeyd edildiyi diqqətə çatdırılmışdır.

Müstəqilliyimizin qorunub saxlanılması, daha da möhkəmləndirilməsi və gələcək nəsillərə etibarlı şəkildə ötürülməsinin xalqımızın ən böyük tarixi nailiyyəti və milli sərvəti olduğu, bu müqəddəs dəyərlərin ölkəmizin davamlı inkişafının təmin edilməsində, ictimai-siyasi sabitliyin qorunmasında, milli birlik və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynadığı qeyd olunmuşdur.

Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.

Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.

Sakinlərdən Almaz Məmmədova, Nigar Həsənova, Rüfət Salmanov, Famil Qafarov, Əhməd Məmmədov, Rza Ray, Huşənq Ray, Elçin Hacıyev və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.

Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə  müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər