Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 2026-cı il noyabrın 25-də 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində növbəti səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı mərkəzdəki şəraitlə tanış olmuş, uşaqların əl işlərindən ibarət sərgiyə baxmış, pedaqoji kollektiv ilə görüşmüşdür.
Görüşdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində və onun Nizami və Suraxanı rayonları üzrə filiallarında ümumilikdə 97 işçinin (onlardan Nəsimi rayonu üzrə 18 pedaqoji, 7 texniki heyət olmaqla) çalışdığı və burada 2246 uşaq və yeniyetmədən ibarət dərnək üzvünün olması qeyd olunmuşdur. Bildirilmişdir ki, mərkəzdə ənənəvi dərnəklərlə yanaşı müasir avadanlıqlarla təchiz olunmuş “Multicenter” layihəsi fəaliyyət göstərir, dərnək üzvləri yerli və beynəlxalq müsabiqə, festival və yarışlarda müvəffəqiyyətlə iştirak edərək yüksək nəticələr qazanırlar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə gənc nəslin bacarıqlarının aşkarlanması və onların hərtərəfli inkişafı naminə əlverişli mühitin yaradılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu diqqətə çatdırılmışdır.
Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ardıcıl islahatlar nəticəsində Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin infrastrukturu tamamilə yenilənmiş, müxtəlif profilli dərnəklərin əhatə dairəsi genişləndirilmiş və uşaqların müasir dövrün standartlarına uyğun təlim-tərbiyə almaları üçün geniş imkanlar formalaşdırılmışdır.
Görüşdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan irimiqyaslı sosial-mədəni proqramlar sayəsində respublikamızda uşaqların bədii-estetik zövqünün formalaşması, eləcə də zehni və yaradıcı imkanlarının gerçəkləşdirilməsi üçün müasir maddi bazanın qurulduğu xüsusi vurğulanmışdır.
Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.
Sonra İcra Hakimiyyətinin başçısı səyyar qəbula qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.
Sakinlərdən Kəmalə Əncimənur, Səidə Tahirzadə, Günel İsanova, Səbinə Abdullayeva, Arzu İsmayılova, Rəna Kərimova, Nərmin Abdullayeva, Ramiz Salmanov, Samirə Salmanova, İradə Ələkbərova, Yadigar Yüzbaşıyeva, Cavid İsmayılov, Adil Məmmədov, Namiq Həsənov, Ələmdar Daşdəmirov və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.
Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısı aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.






