Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

29 oktyabr 2026 | 11:03

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 2026-cı il oktyabrın 28-də  5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində növbəti səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı mərkəzdəki şəraitlə tanış olmuş, uşaqların əl işlərindən ibarət sərgiyə baxmış, pedaqoji kollektiv ilə görüşmüşdür.

Görüşdə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində ümumilikdə 76 işçinin çalışdığı, onlardan 66 nəfərin pedaqoji, 10 nəfərin isə texniki heyət olduğu qeyd olunmuş, mərkəzin fəaliyyəti barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, mərkəzin Nəsimi rayonunun 23, 42, 111, 159, 164 və 211 nömrəli tam orta ümumtəhsil məktəblərində, həmçinin Nərimanov, Suraxanı və Xətai rayonlarının məktəblərində fəaliyyət göstərən dərnəklərində ümumi üzv sayı 1781 nəfər təşkil edir. Dərnək üzvləri yerli və beynəlxalq müsabiqə, festival və yarışlarda müvəffəqiyyətlə iştirak edərək yüksək nəticələr qazanırlar.

Görüşdə Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə istedadlı və yaradıcı uşaqların potensialının üzə çıxarılması və onların hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığı, yaradıcılıq mərkəzlərinin fəaliyyətinə diqqət və qayğı məsələlərinin dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanmışdır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət sayəsində Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin maddi-texniki bazası əsaslı şəkildə gücləndirilmiş, dərnəklərin fəaliyyət dairəsi genişləndirilmiş və uşaqların müasir tələblərə cavab verən şəraitdə təhsil almaları təmin edilmişdir.

Görüşdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanitar layihələr, elm, təhsil və mədəniyyətin inkişafına, eləcə də gənc istedadların üzə çıxarılmasına verdiyi böyük dəstək nəticəsində ölkə üzrə uşaqların estetik tərbiyəsi, intellektual və yaradıcı potensialının reallaşdırılması üçün geniş infrastrukturun yaradıldığı xüsusi qeyd olunmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının ölkənin ictimai-siyasi həyatındakı müstəsna əhəmiyyətindən ətraflı bəhs edərək bildirdi ki, cəmiyyətin geniş təbəqələrini öz ətrafında birləşdirən YAP-ın bu ali toplantısı həm partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, həm də xalq-iqtidar həmrəyliyinin növbəti dəfə nümayiş etdirilməsi baxımından mühüm tarixi hadisədir. Qurultayda səsləndirilən fikirlərin və qarşıya qoyulan yeni hədəflərin müasir Azərbaycanın davamlı inkişafına güclü təkan verəcəyi xüsusi vurğulanmışdır.

Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.

Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.

Sakinlərdən Nigar Əzimova, Teymur Əbdüləhədov, Sevda Cəlilova, Cəmilə Bayramova, Gülnar Abutalıbova, Natəvan Musayeva, Akifə Maxsudova, Şahnigar Yusifova, Mübariz Bağırov, Namiq Həsənov, Sabir Quliyev, Mətanət Taştan, Damət Ağayev, Reyhan Muxtarova, Elnarə Qasımova, İlhamə Abdullayeva və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.

Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısı aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər