Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Moskva prospekti, Cavadxan, Alı Mustafayev, 20 Yanvar, Asif Məhərrəmov, Hüseyn Seyidzadə küçələrinin sakinləri iştirak etmişlər.
Sakinlərdən Tağıyeva Şəhla, Əzizova Gülbəniz, Əzizov Teyyub, İbrahimov Cavanşir, Hacıyev Müşfiq, Yusifli Fənarə, Mirzəyev Qulu, Kamalov Tofik və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən dam örtüyünün təmiri, kanalizasiya xəttinin təmiri, zirzəminin abadlaşdırılması, həyətdə yaşıllıqların suvarılması, məhəllənin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təmin, aztəminatlı ailə olaraq yardım göstərilməsi, ağacların budanması barədə müraciətlər etdilər.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir bölgəsində olduğu kimi Nəsimi rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı rayon sakinlərinin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirdi və sakinlərin müraciətləri ilə bağlı görüləcək işlər barədə müvafiq izahatlar verdi. Qəbulda şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələnin qurbanlarının xatırəsi sükutla yad edildi.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi və bu məsələdə sakinlərin daha fəal olması tövsiyə edildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.