Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Azadlıq prospekti, Cəlil Məmmədquluzadə, Bakıxanov, Sahib Zeynalov, Süleyman Rüstəm, İ.Qasımov, Qulu Quliyev küçələrinin sakinləri iştirak etmiş və RİH başçısı Asif Əsgərov onların müraciətlərini dinləmişdir.
Sakinlərdən Səmədova Ruqiyyə, Hüseynova Ruhəngiz, Əzizov Cəmaləddin, Rəhimova Arzu, Əliyeva Rəna, Qənizadə Nazim, Talıbzadə Rəna və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən asfalt örtüyünün təmiri, eyvanın təmiri, dam örtüyünün təmiri, ağacların budanması, su borularının təmiri, mənzil sahəsinin sənədləşdirilməsi, avtoyuma məntəqəsinin fəaliyyəti ilə bağlı tədbir görülməsi barədə müraciətlər etdilər.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Nəsimi rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı rayon sakinlərinin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirdi və sakinlərin müraciətləri ilə bağlı görüləcək işlər barədə müvafiq izahatlar verdi. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.
“Heydər Əliyev İli” ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da genişmiqyaslı tədbirlərin keçirildiyi qeyd olundu.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.