Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq edilmiş qrafikə uyğun olaraq 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi ərazisində abadlaşdırılmış növbəti məhəllədə səyyar qəbul keçirmişdir. Qəbulda Asif Məhərrəmov, Alı Mustafayev, Hüseynbala Əliyev, Cavadxan küçələrinin əhatəsində yerləşən binaların sakinləri iştirak etmişlər.
Sakinlərdən Aslanova Mənsimə, Ələsgərov Vüqar, Aslanov Azər, Rüstəmova Çiçək, Şabanov Elxan, Cabbarova Məryəm, Abdulrəhmanov Telman, Hacıyev Namiq və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın dam örtüyünün təmiri, həyətin abadlaşdırılması, kanalizasiya xəttinin təmiri, uşaq əyləncə avadanlıqlarının yenilənməsi, söhbətgahın işıqlandırılması, istilik xəttinin, şəhid ailəsinə məxsus qeyri-yaşayış obyektinin təmiri, asfalt örtüyünün təmiri barədə müraciətlər etdilər.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda, o cümlədən Cavadxan küçəsi 28 ünvanın həyətində aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.