Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2023-cü il yanvar ayının 18-də 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH başçısı Asif Əsgərov Tolstoy küçəsi 142 ünvanda yerləşən 16 saylı Texniki Humanitar Liseyin zalında sakinlərin müraciətlərini dinləmişdir. Qəbulda Azadlıq prospekti, Salatın Əsgərova küçəsi, Vidadi küçəsi, Əlövsət Quliyev küçəsi, Dilarə Əliyeva və Füzuli küçələrinin əhatəsindəki ünvanlarda yaşayan sakinlər iştirak etmişlər.
Sakinlərdən Məmmədova Gülnarə, Hüseynova Zariyə, Xəlilov ƏbdülQasım, İsmayılov Adil, Əliyev Elşən, Namazov Sədrəddin, Balayeva Mehriban və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən qəzalı binalarla bağlı tədbirlər görülməsi, dam örtüyünün və yolun təmiri, mənzilin sənədləşdirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması üçün artırmaya icazə verilməsi, ağacın budanması, zibil konteynerlərinin yerinin dəyişdirilməsi, qeyri-yaşayış obyektlərinin fəaliyyəti ilə bağlı tədbir görülməsi barədə müraciətlər etdilər.
Sakinlər adından Cabbarova Elmira yaşadıqları binaların qəzalı olduğundan yenidənqurulmasının, yeni layihələrə salınmasının vacibliyini qeyd etdi. Müraciət ilə bağlı rayon ərazisində təsdiq edilmiş layihələr üzrə bir çox məhəllədə köçürmə, söküntü-tikinti işlərinin aparıldığı, rayonun digər ərazilərində də yenidənqurma işlərinin aparılması üçün aidiyyəti təşkilatlara müraciətlər edildiyi və bu məsələlərə müasir şəhərsalma prinsipləri əsasında baxıldığı barədə geniş məlumat verildi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Nəsimi rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı rayon sakinlərinin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirdi və sakinlərin müraciətləri ilə bağlı görüləcək işlər barədə müvafiq izahatlar verdi.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.