Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirmişdir
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH başçısı Asif Əsgərov qəbulda iştirak edən Rəsul Rza, 28 May, Nizami, Şəmsi Bədəlbəyli, Salatın Əsgərova küçələrinin əhatəsində, həmçinin rayonun digər ərazilərində yaşayan sakinlərin müraciətlərini dinləmişdir.
Sakinlərdən Quliyeva Nəzakət, Əliyeva İmmi, Süleymanov Ələmdar, Quliyev Sabir, Bədirov Azər, Nəsənova Aygün, Məmmədov Xanlar və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən dam örtüyünün təmiri, küçəyə az tutumlu urnaların qoyulması, tavanın qəzalı vəziyyəti, yaşadıqları evlərin istismar müddətinin keçməsini nəzərə alaraq yeni layihə çərçivəsində məhəllənin yenidənqurulması, kanalizasiya xəttinin təmiri barədə müraciətlər etmişlər.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Qəbulun gedişində ölkə başçısı tərəfindən əhalinin rifahının daha da yüksəldilməsi naminə atılan addımlardan, Nəsimi rayonu ərazisində görülən abadlıq-quruculuq işləri, həmçinin sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılmışdır. Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.