Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Ümrə ziyarətindən qayıdan şəhid ailələri ilə görüşüb.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və qaldırdıqları digər məsələlərin operativ surətdə həll olunması daim rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Şəhid ailə üzvlərinin müraciətləri nəzərə alınaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 12 şəhid ailəsi üzvü və 1 Vətən müharibəsi qazisi 13 noyabr – 20 noyabr tarixlərində Ümrə ziyarətinin yerinə yetirilməsi üçün Səudiyyə Ərəbistanına yola salınıblar. Ziyarət çərçivəsində zəvvarlar Mədinə və Məkkə şəhərlərində müsəlmanlar üçün tarixi əhəmiyyət kəsb edən məbədləri ziyarət edib və bir sıra dini ainləri yerinə yetiriblər.
Ziyarətdən qayıtdıqdan sonra zəvvarlar Nəsimi rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul olundu. Səmimi söhbət zamanı şəhid ailələrinin üzvləri daima dövlət qayğısı ilə əhatə olunduqlarını və bu qayğı nəticəsində təskinlik tapdıqlarının dilə gətiriblər. Qəbul zamanı yaxın vaxtlarda digər şəhid ailə üzvlərinin və qazilərin də istəkləri nəzərə alınaraq ziyarətə yola salınmaları üçün rayon İcra Hakimiyyəti tərəfindən müvafiq köməkliklər göstəriləcəyi bildirilmişdir.
Sonda şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.