Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin rayon Ağsaqqallar Şurası ilə birgə tədbiri keçirilib.

18 mart 2024 | 12:19

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Respublika Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, RİH-nin məsul əməkdaşları və rayon Ağsaqqalar Şurasının idarə heyətinin üzvləri iştirak edib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq,  ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışdı. Bildirildi ki, Azərbaycanın son illərdə qazandığı misilsiz nailiyyətlər birmənalı olaraq Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli  liderliyinin bariz nümunəsidir. Möhtərəm Prezident cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından biri Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasıdır. Bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Heydər Əliyevin xidmətləri var, onun əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. Ən əsası odur ki, Heydər Əliyevin Prezident seçilməsindən sonra biz müstəqillik tarixində ilk dəfə olaraq əsl iqtidarın, səriştəli rəhbərliyin, güclü mərkəzi hakimiyyətin, xalq-iqtidar birliyinin nə olduğunun şahidi olduq. Ulu Öndərin hakimiyyətə gəlişi ilə ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərpa edildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu, düşmən təcavüzü dayandırıldı. Heydər Əliyev hər şeydən əvvəl güclü xarizmatik şəxsiyyət idi. Hətta siyasi rəqibləri belə onun idarəetmə qabiliyyətini, liderlik keyfiyyətlərini etiraf etmək məcburiyyətində qalırdı. Universal biliyi, intellekti, dünyagörüşü, siyasi müdrikliyi, təmkini və səbri, hadisələri düzgün və çevik qiymətləndirmə, nəticə çıxarma bacarığı, eyni zamanda, hadisələrə həssas və ədalətlə yanaşması, həmişə obyektiv mövqe tutması dövlət başçısı kimi onun ən yüksək şəxsi keyfiyyətlərindən idi. Bildirildi ki, ötən il respublikamızda, o cümlədən Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirilmiş, keçirilən tədbirlərdə ağsaqqallar fəal iştirak etmişdir.

Qeyd olundu ki, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”yə əsasən, yubiley medalı ilə Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə, dövlət quruculuğunda, azərbaycançılıq ideyasının həyata keçirilməsində, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə, həmçinin ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə, dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə fərqlənən şəxslər təltif olunur.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2024-cü il tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmiş Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinskiyə, Bakı Tikiş Evi ASC-nin sədri Fidail Rəhimova və Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyevə yubiley medalı təqdim olundu.

Təltif olunan şəxslər göstərilən etimada görə cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski ağsaqqal hərakatının tarixindən, rayonda ağsaqqallara göstərilən dövlət qayğısından danışdı. O, ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhalinin, xüsusilə də gənclər arasında maarifləndirmə işinin aparılmasının zəruriliyini və rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirakını qeyd etdi. Bildirdi ki, rayon ağsaqqalları fevral ayının 7-də keçirilən növbədənkənar Prezident seçkilərində yüksək fəallıq göstərmişlər.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti, Respublika Ağsaqqallar Şurası və rayon Ağsaqqallar Şurası tərəfindən 3 nəfər ağsaqqala yubileyləri münasibətilə, bir qrup ağsaqqallara isə rayonun ictimai həyatında fəal iştirakına görə Fəxri Fərmanlar və hədiyyələr təqdim edildi.

Tədbirin sonunda Ağsaqqalar Şurasının bir qrup üzvlərinə Novruz bayramı münasibətilə ərzaq bağlaması verilmişdir. 

Keçidlər