Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon məktəblərində “Gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri sakinlərin gözü ilə” adlı maarifləndirici görüşlər davam edir.

16 aprel 2024 | 10:38

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun 9 və 23  nömrəli tam orta məktəbində “Gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri sakinlərin gözü ilə” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Nəsimi rayon icra Hakimiyyətinin məsul əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı, məktəbin pedaqoji kollektivi, Nəsimi rayon Polis İdarəsinin YYÇ-ların profilaktiki işin təşkili bölməsinin əməkdaşları, psixoloqlar və valideynlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan 9 nömrəli məktəbin direktoru Zinyət Əhmədova tədbirin əhəmiyyətinin görüş iştiakçılarının nəzərinə çatdırdı.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, valideyn məsuliyyəti valideyn üzərinə düşən hüquq və məsuliyyət kimi başa düşülür. Uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində hər iki valideynin rolu önəmlidir. Bu məsələdə hər hansı iş bögüsünün aparılması yolverilməzdir və hər iki valideyn bu məsuliyyəti bərabər bölüşməlidir. Beynəlxalq təcrübədə valideyn məsuliyyəti kimi ən mühüm vəzifələr sırasına uşağın yaşayış və xoşbəxt həyatının təmin edilməsi, onun saxlanılması və müdafiə edilməsi nəzərdə tutulur. Bundan başqa, bu məsuliyyətlər sırasına uşağın tərbiyə, təhsil, sağlamlıq və müalicəsi daxildir. Valideynlərin uşaqla ünsiyyət və düzgün davranış hallarının qurulması, onların bu isitqamətdə məlumatlandırılması və maarifləndirilməsi, hər kəsin qanunla üzərinə düşən məsuliyyətini anlaması istiqamətində fəaliyyətlərin artırılması önəmlidir. Hər bir valideyn yaşadığı dövlətdə onun üzərinə qanunla düşən məsuliyyəti və vəzifələri anlamalı və buna uyğun addımlar atmalıdır. Yaşadığımız dövr və cəmiyyətdə valideyn məsuliyyətindən, həmçinin ailədə valideyn-uşaq münasibətlərinin düzgün qurulmamasından yaranan və bu diqqətsizlik və məsuliyyətsizlik səbəbindən uşaq hüquqlarının pozulmasına gətirib çıxaran bir sıra hallara rast gəlinir. Təbii ki, cəmiyyətdə bu istiqamətdə baş verən hadisələr narahatlıqla qarşılanır və təəssüf doğurur.

Nəsimi rayon Polis İdarəsinin YYÇ-ların profilaktiki işin təşkili bölməsinin əməkdaşı, polis mayoru Yeganə Zeynalova çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələri uşağın hüquqlarının və mənafeyinin qorunmasına yönəlib. Belə ki, Məcəllənin 49-cu maddəsində göstərilir ki, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, maraqlarının təmin olunması, hərtərəfli inkişaf hüququna malikdir. Məcəllənin 51-ci maddəsində isə qeyd olunur ki, valideynlik hüquqlarından sui-istifadə halları zamanı uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 52-ci maddəsi isə uşağa ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək hüququ yaradır. Məcəllənin 58-ci maddəsi uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələrinə həsr olunub və valideynlərin uşaqlarını tərbiyə etməyə borclu olduqları, həmçinin onların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdıqları ayrıca vurğulanır. Burada həmçinin dövlətin müdaxiləsi halları da istisna edilmir və bu, uşağın mənafeyi tələb etdiyi halda baş verir. Yəni, dövlət uşaq hüququnun pozulması və onun maraqlarının nəzərə alınmadığı hallarda müdaxilə edə bilər.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova Gender zorakılığı və uşaqlara qarşı zorakılıq ilə mübarizə istiqamətində müdafiə mexanizminin gücləndirilməsi məqsədilə Nəsimi rayonun ümumtəhsil məktəblərində pisxoloqların şagirdlər ilə mütəmadi olaraq görüş və təlimlərin keçirilməsini, həkimlər tərəfindən vətəndaşlar arasında maarifləndirici söhbətlərin aparılmasını, eyni zamanda  valideynlər və ailənin ahıl yaşlıları ilə görüşlərin keçirilməsinin vacilbliyindən, insan hüquq və azadlıqlarının qorunmasından, eləcə də məişət zorakılığı hallarına qarşı mübarizədə qanunvericilik bazasından söz açıb. Məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Məişət zorakılığının qarşısının alınması – məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlərdir. Bunun üçün maarifləndirmə işinin gücləndirilməsini vurğulayan natiq əksər hallarda zorakılığın baş verməsi faktının gizli saxlanılmasından danışaraq belə halların müəyyən edilməsinin vacibliyini qeyd edib.

Daha sonra psixoloqlar valideynləri maraqlandıran sualları cavablandırıblar.

 

 

 

Keçidlər