Nəsimi rayon Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib.
İclasda qeyri-rəsmi məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, əlaqələndirmə komitəsinin işinin səmərəli təşkil edilməsi və digər məsələlər haqqında müzakirələr aparılıb.
İclası giriş sözü ilə açan RİH başçısının müavini, Nəsimi rayon Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin sədri Zahid Xəlilov bildirdi ki, Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində məşğulluq sahəsində razılaşdırılmış qərarların hazırlanması məqsədi ilə həmkarlar ittifaqının, işəgötürənlərin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın, aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin mənafeyini təmsil edən ictimai birliklərin bərabər sayda nümayəndələrindən ibarət məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri yaradılması nəzərdə tutulmuşdur və 15.2 yarımbəndində isə Əlaqələndirmə komitələrinin səlahiyyətləri, fəaliyyət qaydası və tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilən Əsasnamə ilə tənzimlənir.
Bildirildi ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 27.12.2023-cü il tarixli, 271 saylı Sərəncamı ilə “Nəsimi rayon Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi” nin tərkibi təsdiq olunmuşdur.
Natiq çıxışına davam edərək məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsinin fəaliyyəti, müvafiq inzibati ərazi vahidində qeyri-formal məşğulluğun səviyyəsinin azaldılması və “Nəsimi rayonu üzrə 2024-cü il Ərazi Məşğulluq proqramı”na uyğun olaraq cari dövr ərzində görülmüş işlər barədə komitə üzvlərinə məlumat vermişdir.
Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Ədalət Səmidov Agentliyin fəaliyyət istiqamətləri və işəgötürənlərə dəstək mexanizmini əhatə edən proqramlar barədə təqdimatla çıxış etmişdir.
Tədbirdə iştirak edən Nəsimi rayon İHBA-nın Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Şahin Zeynalov, “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İB-nin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, Nəsimi Bələdiyyəsinin sədri Əziz Zeynalov, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov, Nəsimi rayon Enerji təchizatı və satışı idarəsinin rəisi Böyükağa Qasımov və Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nəsimi rayon Komitəsinin sədri Minarə Həsənova çıxış edərək müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirmiş, bir sıra təkliflər irəli sürmüşlər.
İclasın sonunda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar qəbul olunub.