Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti görüşü keçirildi.
Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin növbəti görüşü keçirilib. Görüşdə rayon ərazisinə birlikdə baxış keçirilmiş, rayonda aparılacaq abadlıq, quruculuq işləri ilə bağlı müzakirələr aparılmışdır.
İctimai Şura tərəfindən ictimai rəyin öyrənilməsi üçün sorğuların nəticəsi barədə söhbətlər aparılmışdır. Eyni zamanda rayonda yerləşən təşkilatlarda sorğu keçirilməsi barədə təkliflər verildi.
Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elnur Rəhimov bildirdi ki, Açıq hökumət prinsipləri nəzərə alınmaqla vətəndaş cəmiyyəti institutları ilə əlaqələri daha da dərinləşdirmək, qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstəyin artırılmasını təmin etmək və vətəndaş cəmiyyəti institutları ilə ünsiyyətin yeni formatını təsbit etmək məqsədilə yaradılmış “Açıq hökumət tərəfdaşlığı Hökumət–Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” ötən il ərzində uğurla fəaliyyət göstərmiş, onun vasitəsilə ictimai həyatın müxtəlif sahələrini əhatə edən geniş spektrli mövzular müzakirə edilmiş və mühüm qərarlar qəbul edilmişdir. “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” bu platformada keçirilən müzakirələrin növbəti nəticəsidir.
İctimai Şuranın sədr müavini Sevda Quliyeva bildirdi ki, bu Fəaliyyət Planı ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilən islahatların tərkib hissəsi olmaqla, burada nəzərdə tutulan tədbirlər dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunması sahələrində mühüm töhfə verəcəkdir.
Şura üzvləri arasında fikir mübadiləsi aparılmış və Şura tərəfindən gələcəkdə görüləcək işlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.