Nəsimi rayonu İcra Hakimiyyətində rayon ərazisində yaşayan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ərazisində yaşayan Vətən müharibəsi şəhidlərinin ailələri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının, Nəsimi Bələdiyyəsinin və “Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid ailələri” İctimai Birliyinin sədrləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğurunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Görüşdə çıxış edən Rayon icra Hakimiyyətinin başçısı Tahir Budaqov bildirmişdir ki, bu gün memarı və qurucusu Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev olan müasir müstəqil Azərbaycan Respublikası öz tarixinin ən şərəfli və əlamətdar hadisələrlə dolu günlərini yaşayır.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 2020-ci ilin 27 sentyabrında başlayıb 44 gün davam edən zəfər dolu Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın əzmi, ordumuzun rəşadəti, şəhidlərimizin və qazilərimizin misilsiz qəhrəmanlığı sayəsində 30 ildən artıq işğal altında olan torpaqlarımız düşmən əsarətindən azad edildi. Bu gün azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Yeni yaşayış məntəqələri salınır, infrastruktur layihələri həyata keçirilir.
Ərazi bütövlüyü və suverenliyi tam təmin olunan müstəqil Azərbaycanımız Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli siyasəti nəticəsində inkişaf tarixinin yeni dövrünə qədəm qoyub. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın üçrəngli müqəddəs bayrağı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə bu gün Qarabağda, Şərqi Zəngəzurda, bütün Azərbaycanda qürurla dalğalanmaqdadır.
Rayon İcra Hakimiyyətinin başçısı bugünkü uğurlarımızda misilsiz xidmətləri olan şəhidlərimizin qəlbimizdə daim yaşayacağını xüsusi vurğulayaraq bildirdi ki, onların ata və anaları, ailə üzvləri hər bir Azərbaycan vətəndaşı üçün əzizdir. Dövlətimiz tərəfindən daim şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müvafiq addımlar atılır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2026-cı il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında” Sərəncamına əsasən 1806 şəhid müxtəlif ordenlərlə təltif olunmuşdur ki, onlardan da 16 nəfəri Nəsimi rayonunda qeydiyyatda olanlardır.
Nəsimi rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Kamal Quluzadə məruzə ilə çıxış edərək Nəsimi rayonunda şəhid ailələrinə göstərilən diqqət və qayğı barədə ətraflı məlumat vermiş, postmüharibə dövründə şəhid ailələrini və müharibə iştirakçılarını əhatə edən dövlət qayğısının sadəcə sosial bir yardım deyil, dövlətin öz qəhrəmanlarına olan ehtiram ifadəsi olduğunu qeyd etmişdir.
Rayon Prokuroru Həsən Hənifəyev, rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev, rayon Mühafizə Polisi İdarəsinin rəisi, polis polkovniki Nazim Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin rəisi, polkovnik-leytenant Ceyhun Əliyev, Nəsimi Bələdiyyəsinin sədri Əziz Zeynalov və “Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid ailələri” İctimai Birliyinin sədri Azər Quliyev çıxış edərək şəhidlərimizin əziz xatirəsinin hər bir Azərbaycan vətəndaşı üçün uca olduğunu bildirmiş, şəhid ailələrinə öz dərin hörmət və ehtiramlarını bildirmişlər.
Şəhid ataları Hüseynov Bağı və Əkbərov Fayəddin göstərilən diqqət və qayğiya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirmişlər.
Görüşün sonunda rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə xatirə hədiyyələri təqdim olundu.






