Nəsimi rayonu Moskva prospekti 66 və 70 saylı binaların əhatəsində yerləşən Abad həyətdə işlər başa çatıb.
Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Rayonun Moskva prospekti 66 və 70 saylı binaları əhatəsində yerləşən Abad həyətdə abadlıq, quruculuq işləri başa çatdırılıb.
Hazırlanmış layihəyə uyğun olaraq binaların fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, binanın qapı və pəncərələri yenilərilə əvəz olunub, pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib.
Görülmüş işlər çərçivəsində binanın həyətinə yeni asfalt örtüyü, tamet daşları vurulub, qazon salınıb, yeni bardürlər qoyulub, torpaq işləri görülüb, istinad divarı bərpa edilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub, ağaclar, mövsümi çiçəklər və müxtəlif növ həmişəyaşıl kollar əkilib. Həyətdə işıqlandırma sistemləri və təhlükəsizlik kameraları quraşdırılıb.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.