Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin nazir müavini Firudin Qurbanov, Millət vəkilləri, Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Nəsimi rayon İcra Hakimiyyətinin müavini Gülarə Verdiyeva, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Cəsarət Vəliyev, valideynlər və şagirdlər iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Məhəmməd Füzulinin əsərlərində yer alan obrazların, səhnələrin təsvirini özündə əks etdirən rəsm nümunələri ilə tanış oldu.
Tədbirdə qeyd olundu ki, Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuşdur. Bu il, 2024 – cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir.
Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur.
Tədbirin sonunda məktəblilərin ifalarında hazırlanmış kompazisiyalar tədbir iştirakçılarında xoş ovqat bağışladı.
Sonda xatirə şəkili çəkilib.