Nəsimi rayonunda 08 noyabr – Zəfər Günü münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında voleybol turniri keçirilib.
08 noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində Nəsimi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında voleybol turniri keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd 08 noyabr – Zəfər Gününü qeyd etmək və gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olmuşdur.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, RİH başçısı aparatının məsul əməkdaşları, Azərbaycan Tibb Uiversitetinin prorektorları Sabir Əliyev, Zülfüqar Musabəyov, Tağı Əhmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, İdman klublarının rəhbərləri və tələbələr iştirak ediblər.
Əvvəlcə qonaqlar Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində yerləşən Şəhidlərin banerinin önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini yad ediblər.
Sonra olimpiya himninin sədaları altında komandalar zala daxil olublar. Komandalar yerlərini tutduqdan sonra dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov tədbir iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində torpaqlarımızı düşmən tapdağından azad edərək ərazi bütövlüyümüzü bərpa etdi. Bugün fəxrlə deyə bilərik ki, biz qalib ölkənin vətəndaşlarıyıq.
Turnirin nəticələrinə görə Azərbaycan Tibb Universitetinin komandası I yerə, Azərbaycan Dillər Universitetinin komandası II yerə, Azərbaycan Texniki Universitetinin komandası isə III yerə layiq görülüblər.
Qaliblər kubok, diplom və medallarla təltif olunublar. Eyni zamanda turnirdə iştirak edən bütün ali təhsil müəssisələrinə turnirdə iştirak etdikləri üçün təşəkkürnamələr təqdim olunub.
Azərbaycan Milli Konservatoriyasının tələbəsi Aydan İlxaszadənin ifa etdiyi mahnılar könülləri oxşayıb, tədbirə xoş çalarlar qatıb.